Son yeniləmə: 23 May 2022 08:34
Bayraqdar.info – Azərbaycan qılıncoynadanı Anna Başta İtaliyada keçirilən Qran-Pri turnirinin qalibi olub.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.
Bildirilib ki, İtaliyanın Padua şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri turnirinə yekun vurulub: “Mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reytinq favoriti Anna Başta ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib. Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran təmsilçimiz ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya 15:10 hesabı ilə qalib gəlib”.
Məlumata əsasən onun növbəti rəqibi italyan Rossella Qreqorio olub: “Rəqibini 15:7 hesabı ilə məğlub edən Anna Başta yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya təmsilçisi Misaki Emura üzərində inamlı qələbə (15:9) qazanan Anna finalda gündoğar ölkənin daha bir sablyaçısı Risa Takaşima ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibini 15:11 hesabı ilə məğlub edən idmançımız Qran-Prinin qızıl medalına layiq görülüb”.