Bayraqdar.info – Tədqiqatçı, publisist Sevinc Ədalətqızının istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi münasibətilə ərsəyə gətirdiyi “Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz!” kitabı işıq üzü görüb.
Xəbəri bayraqdar.info-ya S.Ədalətqızı verib.
“Şəmkir torpağında dünyaya gəlib, Gəncə mühitində formalaşaraq dövrünün ən adlı-sanlı, parlaq zəka sahiblərindən mükəmməl təhsil-tərbiyə almış, hələ gənc yaşlarından Birinci Dünya müharibəsində “Xeyriyyə cəmiyyətinin” üzvü kimi Türk qardaşlarına yardımda bulunmuş, “Qoşma” və “Dalğa” imzalı kitabların müəllifi Əhməd Cavad keşməkeşli ömründə zəngin bir yaradıcılıq yolu keçmişdir.
“Əhməd Cavadın həmçinin 1918-ci ildən 1920-ci ilədək mövcud olduğu 23 aylıq bir dönəmdə Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatında da xüsusi xidmətləri olmuşdur. Onun AXC parlamentinin fəal üzvü olmaqla yanaşı, istər şair, istərsə də siyasi xadim kimi göstərdiyi xidmətləri əvəzsizdir”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir: “Bu kitabda – “Xatirələr-Yazılar” bölümündə Əhməd Cavad haqqında müəllif Sevinc Ədalətqızının 2008-ci ildən bu günədək qələmə aldığı mətbuatda dərc edilmiş bütün publisistik yazıları daxil edilməklə yanaşı, şairin arxivinin bir qismi ətrafında apardığı ədəbi axtarışlar da öz əksini tapmışdır. Bundan əlavə Əhməd Cavad yaradıcılığı ilə bağlı yeni tədqiqi araşdırmalarla yanaşı şairin nadir fotoları ilə də tanış olacaqsınız. Onu da qeyd edək ki, Əhməd Cavadın əlyazma arxivi ilə bağlı müəllifin apardığı araşdırmalar yeni tədqiqat mövzusu olmaqla yanaşı Cavadşünaslığa növbəti bir ərməğandır. Şairin 1925-ci ildə bədahətən yaratdığı “Göy göl” şeirinin əlyazması qızıldan da qiymətli nadir nüsxədir. Həmçinin, onun indiyədək heç yerdə işıq üzü görməyən, hətta adı və varlığı belə məlum olmayan “Nəmanın röyası” adlı şeiri də bu qəbildəndir”.
Təəssüf ki, Əhməd Cavada heykəl qoyulmayıb
Xəbərdə qeyd edilir ki, kitabın redaktoru AXC tarixinin və Əhməd Cavad yaradıcılığının təbliğatçısı Orxan Məmmədzadə bildirib: “1920-ci ildə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildi. Bu istila ilə barışmayan, onunla son damla qanına qədər mübarizə aparmağı seçmiş ziyalılar arasında gənc şair, yenicə işğal olunmuş dövlətin himninin sözlərinin müəllifi Əhməd Cavad da var idi. İşğala boyun əyməyən Cavad məhrumiyyətlərə, əzab-əziyyətlərə və həbslərə məruz qaldı, amma sınmadı, susmadı, şəhadətə qovuşana qədər ədalətsizliyə, yalana, talana haqq səsini ucaldaraq etiraz etdi. Onun “Susmaram” adlı son şeirini Sovet işğalına qarşı mübarizə aparan minlərlə ziyalının proqram sənədi hesab etmək olar. Minlərlə azərbaycanlı ziyalı İstiqlal naminə zindanlara atıldı, məşəqqətli Sibir buzlaqlarına sürgün olundu, işgəncələrə məruz qalaraq şəhid edildi.
“Təəssüf ki, Azərbaycan naminə canlarından keçmiş bu insanların xatirəsi Vətənimizdə yetərincə əbədiləşdirilməyib. Məsələn, Əhməd Cavadın xatirə muzeyi olmamaqla bərabər paytaxtda onun şərəfinə hələ də bir heykəl ucaldılmayıb.
“Əhməd Cavadın xatirəsinin diri tutulmasında tədqiqatçı Sevinc Ədalətqızının böyük xidməti var. Sevinc xanım artıq uzun illərdir ki, şairin həyat və yaradıcılığını dərindən araşdıraraq kitablar çap etdirir.
“Əlinizdə tutduğunuz son kitabı isə mən Əhməd Cavadın ensiklopediyası adlandırardım. Burada şairin indiyə qədər geniş oxucuya məlum olmayan şeirləri və yazıları əlavə olunub. Bu kitabı Əhməd Cavadın 130 illiyinə böyük ərməğan hesab edirəm!”
Üzərində Əhməd Cavadın nadir fotosunun və alovlu misralarının əks olunduğu “Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz” adlı bu kitab müəllif Sevinc Ədalətqızının istiqlal şairinə ithaf etdiyi sayca 5-ci kitabıdır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı da mövcuddur.
Bir daha qeyd edirik ki, xəbəri bayraqdar.info-ya S.Ədalətqızı verib.