Bayraqdar.info – Növbəti KOB Fest sərgi-satış yaramarkası mayın 22-də Lənkəran şəhərində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Lənkəran şəhərinin sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edir.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, yarmarkada Lənkəran şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida, qeyri-qida məhsulları, sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. KOB Fest çərçivəsində həmçinin,bölgədə təhsil, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən KOB-larınxidmətləri təqdim olunacaq.
Məlumata əsasən, festival ərzində sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək və mədəni-əyləncəli proqram təşkil ediləcək.
“KOB Fest”in təşkilində məqsəd Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.
Xatırladaq ki, Lənkəran şəhərində Heydər Əliyev Parkında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.