Son yeniləmə: 21 May 2022 11:20
Bayraqdar.info – Azərbaycan Akademik Milli Dram Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib.
Bu barədə bayraqdar.info-ya Teatrdan məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub: “Xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətovdur”.
Məlumata əsasən tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırırlar: “Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur. Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər”.
Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən “Mədəni gənclik” adlı yeni layihə həyata keçirilir.