Press "Enter" to skip to content

İctimai TV və Radioya yeni baş direktor seçkisi olacaq

İTV

Son yeniləmə: 20 May 2022 20:47

Bayraqdar.info – İctimai TV və Radio Yayımları Şirkətinə baş direktor seçkisi keçiriləcək. Buna səbəb fəaliyyətdə olan baş direktor Balakişi Qasımovun səlahiyyət müddətinin bitməsidir. Bunun üçün artıq iddiaçıların ərizələri də qəbul edilib.

Audiovizual Şuranın mayın 16-da yaydığı məlumata görə, baş direktor vəzifəsinə 8 iddiaçı var: Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu. Adı keçən şəxslər artıq müvafiq müraciəti edib.

Audiovizual Şura onu da bildirib ki, namizədlərin sənədləri “İctimai televiziya və radio yayımı haqqında” qanunun tələblərinə uyğun olaraq İctimai TV və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim edilib. Növbəti mərhələdə Yayım Şurası yeni baş direktoru seçməlidir.

Bayraqdar.info-ya özəl mənbələrdən məlum olub ki, Yayım Şurası yeni baş direktorun seçkisini mayın 24-də keçirməyi planlaşdırıb. Qaydaya uyğun olaraq iddiaçıların hamısının dəvət edildiyi Şura toplantısında ilkin müzakirələr aparılacaq, ardından da tərtib edilmiş bülletenlə gizli səsvermə keçiriləcək. Şuranın 9 üzvündən ən azı 5-nin səsini qazanan namizəd baş direktor seçilmiş elan ediləcək və vəzifəsinin icrasına başlayacaq.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.