Son yeniləmə: 20 May 2022 16:31
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Hüriyyə Məmmədova ilə mentorluq proqramına başlayıb.
Bu barədə bayraqdar.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, mentorluq proqramı çərçivəsində Hüriyyə Məmmədova ilə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi nəzərdə tutulur: “Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, Hüriyyə Məmmədova ilə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun liderlik keyfiyyətləri və peşəkar bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq addımları diqqətə çatdırıb”.
Görüşdə proqram qalibinin təcrübə ilə bağlı sualları cavablandırılıb, idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər və qərarların qəbulu zamanı vacib olan yanaşmalar müzakirə edilib.