Son yeniləmə: 20 May 2022 09:07
Bayraqdar.info – Azərbaycan və Türkiyədə bizneslərin 99 faizini kiçik və orta sahibkarlıq (KOB) subyektləri təşkil edir. KOB-lar arasında iqtisadi əlaqələrin genişləndirilməsi ölkələrimiz arasında ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verə bilər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bayarqdar.info-ya verilən məlumata görə, bu barədə qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan – Türkiyə İş Adamları İctimai Birliyinin (ATİB) Ümumi Yığıncağındakı çıxışı zamanı bildiirb: “Qeyd olunub ki, KOBİA müxtəlif mexanizm və xidmətlər vasitəsilə Azərbaycanda fəaliyyət göstərən və ya biznes qurmaq istəyən iş adamlarına dəstək göstərməyə hazırdır. KOB evləri, KOB inkişaf mərkəzləri, KOB dostu şəbəkəsi, daxili bazar araşdırmasına dəstək, “Startap” şəhadətnaməsi və s. KOBİA tərəfindən təmin edilən dəstək alətlərindəndir”.
Məlumata əsasən O.Məmmədov deyib ki, qarşılıqlı iqtisadi aktivliyin artırılması üçün ənənəvi biznes modelləri ilə yanaşı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) və klasterləşmə kimi təşkilati-hüquqi formalardan da geniş istifadə oluna bilər: “İşğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsini formalaşdırır. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olmaq üçün KOBİA-ya daxil olmuş xarici müraciətlərin əksəriyyəti türk şirkətlərinə məxsusdur”.