Son yeniləmə: 20 May 2022 18:35
Bayraqdar.info – Türkiyənin Hesablama Məhkəməsinin prezidenti Metin Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
Bu barədə bayraqdar.info-ya Hesablama Palatasından məlumat verilib.
Bildirilib ki, qonaqlar əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı qarşısına gül dəstələri qoyublar: “Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” və “Türk şəhidliyi” abidələrinin önünə gül dəstələri qoyublar”.
Məlumata əsasən daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla Türkiyənin Hesablama Məhkəməsinin prezidenti cənab Metin Yener arasında görüş olub: “Görüşdə qurumlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri müzakirə edilib. Görüş çərçivəsində həmçinin, Azərbaycan Respublikasının Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Məhkəməsi arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda kənar dövlət maliyyə nəzarəti sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkili məqsədi ilə tərəflər arasındakı Anlaşma Memorandumu yenilənərək imzalanıb. İmzalanma mərasimindən sonra qonaqlar Hesablama Palatasının fəaliyyət ilə tanış olub, tərəflər arasında müzakirələr və təcrübə mübadiləsi aparılıb”.