Son yeniləmə: 20 May 2022 12:24
Bayraqdar.info – Şirvanşahlar Sarayı Kompleksində Azərbaycan Respublikasının Əməkdar artisti, Ümumdünya Floristlər Şurasının, Azərbaycan Rəssamlar və Kinematoqrafçılar İttifaqlarının üzvü Suğra Bağırzadənin “Gülün gücü” adlı fərdi sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfdaşlığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə 18 may “Muzeylərin gücü” devizi altında keçirilir.
Bu barədə bayraqdar.info-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Suğra Bağırzadə 2004-cü ildən 27 ölkənin daxil olduğu Ümumdünya Floristlər Şurasının üzvüdür: “Həmin şurada o, Azərbaycanın və türkdilli dövlətlərin yeganə təmsilçisidir. Şura tərəfindən “Floristika industriyasında yeni professional istiqamət” sertifikatı ilə mükafatlandırılmışdır. Sərgi 2022-ci il mayın 25-dək davam edəcək”.