Son yeniləmə: 20 May 2022 18:39
Naqif Həmzəyev: Ermənistan müxtəlif bəhanə və manevrlərlə vaxtı uzatmaq istəyir
Bayraqdar.info – “2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatdı. Ancaq qalib ölkə olmasına baxmayaraq ölkəmiz yenə də sülh və humanizm prinsiplərinə sadiqlik nümayiş etdirir. Azərbaycan əbədi sülhün əldə edilməsi və regionda iqtisadi inkişaf üçün səylərini davam etdirir”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək növbəti görüşdən gözləntilərlə bağlı bayarqdar.info-nun sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məqsədlə sülh təklifi irəli sürüb: “Ancaq təəssüflər olsun ki, Ermənistan bu sülh təklifinə adekvat reaksiya vermir, regionda əbədi sülhə və inkişafa yönəlmiş addımlara dəstək verəcək hansısa fəaliyyət sərgiləmir. Hər halda, istər 2020-ci il 10 noyabr bəyanatının, istərsə də ondan sonra əldə edilən razılaşmaların Ermənistan tərəfindən tam şəkildə yerinə yetirilməməsi bunu deməyə əsas verir”.
Millət vəkili deyib ki, Ermənistan müxtəlif bəhanə və manevrlərlə vaxtı uzatmaq istəyir: “Elə Azərbaycanın irəli sürdüyü 5 bəndlik təklifə qarşı sərgilənən mövqe də Ermənistanın bu xislətindən xəbər verir. Ermənistan sülh razılaşması üçün 6 bəndlik təkliflə çıxış edib və 6-cı bənd kimi ora ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsini şərt olaraq irəli sürüb. Hərçənd ki, Minsk Qrupu artıq öz fəaliyyətini başa yurub. Burdan da belə bir qənaətə gəlmək olar ki, Ermənistan yenə də vaxtı uzatmaq və sülh müqaviləsini imzalamaqdan yayınmaq istəyir”.
N.Həmzəyev qeyd edib ki, sonuncu Brüssel görüşündə əldə edilmiş razılığa əsasən aprelin sonuna qədər işçi qrup formalaşdırılmalı və sərhədlərin delmitasiyası ilə bağlı real fəaliyyətə başlanmalı idi: “Brüssel görüşündən sonra nəzərə çarpan irəliləyiş kimi Azərbaycan və Ermənsitan xarici işlər nazirlərinin telefon danışıqları baş tutdu, daha sonra isə onların real görüşləri oldu. Ancaq təəssüflər olsun ki, bu görüşlərdən sonra hələ hər hansı irəliləyiş qeydə alınmayıb. Eyni zamanda məhz Ermənistanın günahı ucbatından işçi qrupları arasında görüş təxirə salınıb. Nəticə etibarı ilə Ermənistana olan beynəlxalq etimad günü-gündən azalmaqdadır”.
Brüsseldə tərəflər arasında növbəti görüşün məhz bu ərəfədə keçirilməsinə gəlincə millət vəkili hesab edir ki, bu görüş daha gərgin keçəcək: “Çünki Ermənistan ötən vaxt ərzində etibarsız tərəf olduğunu bir daha sübut etdi. Ona görə də bu görüşdə artıq əvvəlki görüşlərdən fərqli olaraq Ermənistanın real addımlar atması və ya hansisa bir sənədin imzalanması ehtimal edilmir”.