Press "Enter" to skip to content

Türkiyəli nazir ilk xarici səfərini Azərbaycana etdi

Qəbuldan görüntü

Son yeniləmə: 19 May 2022 13:19

Bayraqdar.info – Prezident İlham Əliyev mayın 19-da qardaş Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Qəbul zamanı qonaq Azərbaycan Prezidentinə qardaş ölkənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını çatdırıb. İ.Əliyev salamlara görə təşəkkür edərək onun da salamlarını Türkiyə Cümhurbaşqanına çatdırmağı xahiş edib.

Söhbət əsnasında İ.Əliyev bir neçə gün öncə Türkiyəyə etdiyi səfəri xatırladıb. O, bu səfərin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib.

Azərbaycan Prezidenti qonağı yeni təyin olunduğu nazir vəzifəsi münasibətilə təbrik də edib.

Təbrikə görə təşəkkür edən V.Kirişçi bildirib ki, nazir kimi ilk xarici səfərini qardaş Azərbaycana edir.

“Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğu qeyd olundu.

“Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıdıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulandı.

“Söhbət zamanı Bakıda keçirilən “Caspian Agro 2022” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önəmi qeyd edildi, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.