Press "Enter" to skip to content

Şahin Mustafayev İranda görüşlər keçirib

Şahin Mustafayev və Hüseyin Əmir Abdollahian

Son yeniləmə: 19 May 2022 09:16

Bayraqdar.info – İranda səfərdə olan Baş nazirinin müavini bir sıra görüşlər keçirib.

Azərbaycanın İrandakı səfirliyindən bayraqdar.info-ya verilən məlumata görə, Ş.Mustafayev mayın 18-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Görüşdə Məhəmməd Hüseyn Baqeri Azərbaycan ərazilərinin işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb. O, həmçinin İranın Azərbaycanla əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Şahin mustafayev və general-leytenant Məhəmməd Hüseyn Baqeri

Məlumata əsaəsn görüşdə Azərbaycanla İran arasında dostluq münasibətlərinin xeyli inkişaf etdiyi və yeni mərhələyə qədəm qoyduğu vurğulanaraq, müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Həmçinin iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə də müsbət əməkdaşlıq təcrübəsi üzrə əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Səfirlikdən verilən məlumatda qeyd edilir ki, Ş.Mustafayev səfər çərçivəsində İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.

“İkitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından, iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan artımdan məmnunluq ifadə edən tərəflər, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında əldə olunan razılıqların, həmçinin İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrasına tezliklə başlanmasının önəmini vurğulayıblar.

“Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

“Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələlərini müzakirə ediblər”, – deyə məlumatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.