Press "Enter" to skip to content

Kanada parlamenti Krım tatar soyqırımını rəsmən tanıdı

Kanada İcmalar Palatası

Son yeniləmə: 19 May 2022 17:55

Bayraqdar.info – Kanada parlamentinin İcmalar Palatası 1944-cü ildə İosif Stalinin göstərişi ilə Sovetlərin (əslində Rusiyanın) Krım tatarlarını kütləvi köçürməyə məruz qoymasını soyqırım kimi tanıyıb.

Parlamentin mayın 18-də yaydığı xəbərdə bu haqda məlumat verilib. Bildirilir ki, Krım tatarlarının öz evlərindən sürgün edilməsi Sovet rejiminin onlara qarşı məqsədli kütləvi cəza tədbiri və ümumiyyətlə bu xalqı məhv etmək istəyindən irəli gəlib.

Daha sonra qeyd edilir ki, kütləvi sürgün nəticəsində 200 min civarında Krım tatarı öz yurdundan didərgin salınıb. Onlardan minlərləsi sürgün yollarında həlak olub. On minlərlə Krım tatarı isə aclıq, xəstəlik, məcburi əmək və Sovet rejiminin zorakılıqları nəticəsində ölüb. Bütün Krım tatarları öz mal-mülklərindən, din, toplaşmaq və hərəkət azadlıqlarından məhrum edilib.

Bundan sonra bildirilir ki, 12 noyabr 2015-ci ildə Ukrayna parlamenti Krım tatarlarının Sovet rejimi tərəfindən kütləvi sürgününü soyqırım kimi tanıyıb. Bu səbəbdən 18 may Ukraynada xatirə günü kimi rəsmiləşdirilib.

18 mart 2014-cü ildə Rusiya Ukraynaya təcavüz edərək Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Krım tatarları yenidən təqiblərə məruz qalmağa başlayıb. Onların itkin düşməsi, din azadlıqlarına basqılar, toplaşmaq və ifadə azadlıqlarının məhdudlaşdırılması, işğalçılar tərəfindən əmlaklarının müsadirə edilməsi adiləşib.

Bütün bunları nəzərə alaraq Palata, “Sovet rejiminin 1944-cü ildə Krım tatarlarını kütləvi sürgün etməsini (Sürgünlik) Krım tatar xalqına qarşı soyqırımı kimi tanıyır” və “hər ilin 18 mayını Krım Tatar Sürgününün (Sürgünlik) Xatirə Günü kimi qəbul edir”.

Mission News Theme by Compete Themes.