Press "Enter" to skip to content

Güney Azərbaycan Milli Hərəkatından sərt çağırış

Təbriz şəhəri

Son yeniləmə: 19 May 2022 09:56

Bayraqdar.info – Güney Azərbaycan Milli Hərəkatının fəalları İranda baş verən hadisələrlə bağlı bəyanat yayıb. 22 may etirazlarının ildönümü ilə bağlı imzalanan bəyanatda aksiyalara dəstək veriləcəyi bildirilir.

“Qəhrəman Azərbaycan xalqı. Bildiyiniz kimi, İranın hazırkı hakimiyyəti heç nədən çəkinmədən ölkəni uçuruma və məhvə doğru aparır.

“Hakim sistemin bütün rəhbərliyi, ali rəhbərdən tutmuş yüksək səviyyəli rəsmilərə qədər hamısı bütün çıxışlarında hakimiyyətlərinin get-gedə gücdən düşdüyünü etiraf edirlər.

“Ancaq buna baxmayaraq, xüsusilə iqtisadi sahədə yarıtmaz idarəçilik böhranın daha da dərinləşməsinə səbəb olub.

“Bütün dünya ölkələrində bahalığa qarşı etirazların adi qəbul olunmasına baxmayaraq, İran hakimiyyəti etiraz aksiyalarını qeyri-qanuni göstərməklə xalqı daha çox bəlalara düçar etmək niyyətində olduğunu göstərir”, – deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, hakimiyyətin niyyəti xalqın dözülməz iqtisadi sıxıntılara səssiz qalmasıdır.

“Hökumət ətraf mühitin məhv edilməsi, iqtisadi durumun ağırlaşması və başqa bu kimi məsələlərə qarşı xalqın səssiz qalmasını, etiraz etməməsini istəyir.

“Biz, Milli Hərəkatın fəalları bu dəfə şərəfli Azərbaycan xalqının itirilmiş hüquqlarının əldə edilməsi üçün bütün sahələrdə zülm altında olan başqa xalqlarla həmrəy olacağımızı, Azərbaycanın dirəniş günü kimi tanınan 22 mayda geniş etiraz aksiyalarına başlayacağımızı bildiririk.

“Möhtəşəm və kütləvi aksiyalarla haqlı istəklərimizə nail olacağımıza inanırıq. Gələcək bizimdir! Azadlıq, Ədalət, Milli hökumət!” Bəyanat bu sözlərlə bitir.

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.