Son yeniləmə: 19 May 2022 12:09
Bayraqdar.info – İndi dəyərli oxucularımıza bir video təqdim edirəm. Ermənistandandır. Qısadır, vaxtınızı çox almayacaq. Təbii ki, dilini anlamırıq. Amma görüntülər bəs edir. Videoda polisin necə davrandığını müşahidə edirik.
Bəllidir ki, son həftələr ərzində birbaşa Rusiyanın düyməyə basmasıyla Ermənistanda revanşistlər – Köçəryan və Sargsyan tərəfdarları küçələrə çıxıb. Onlar Nikol Paşinyan hökumətinin Azərbaycanla sülh bağlamasını, iki ölkə arasında münasibətlərin normallaşmasını əngəlləmək istəyirlər.
Ermənistanın Baş naziri N.Paşinyanın özü də ikili oynayır. Gah Qərbin, gah da Moskvanın adamı kimi davranırmış kimi göstərir özünü. Yəni oyun içində oyun var. Ona görə də Moskva İrəvandakı uzantılarını hərəkətə keçirib, Ermənistanın daxili sabitliyini pozub ki, bu ölkə birdən müstəqil siyasət yürütməsin.
Lakin sözümüz bunda deyil. Az öncə də qeyd etdiyimiz kimi, bir video üzərindən hərəkət etmək istərdik. Önə qaçaraq onu da deyək ki, bu videoda baş verən hadisə yalnız bir hal deyil. Hazırda Ermənistanda hər gün onlarla belə hadisə baş verir. Özü də dünyanın gözü qarşısında!
Hə, əsas məsələ də budur. Hər şey dünyanın gözü qarşısında baş verir. Elə bu cür polis şiddəti də! Elə isə dünya niyə baş verənləri belə “soyuqqanlılıq”la müşahidə edir? Örnək üçün, niyə tanıdığımız beynəlxalq insan haqları təşkilatları bu aşkar zorakılıqları şiddətlə qınamır? Axı onların vəzifəsi belə hallara sərt reaksiya vermək, baş verməkdə olan şiddətin qarşısını almaq deyilmi?
Yaxud da niyə ABŞ Dövlət Departamenti susqundur? Axı bu super dövlət dünyanın hər küncündə baş verən ən adi hadisəyə belə reaksiya verir. Bəs necə olur ki, Ermənistanda baş verən bu olaylar ABŞ-ın hər yerdə hər şeyi görən gözündən yayınır?
Yayınırmı ümumiyyətlə?
Yayınmır əlbəttə. ABŞ o dövlətdir ki, yerdən, göydən, hər nöqtədən dünyanın hər küncündəki durumu nəzarətdə saxlaya bilir. Elə bu sətirləri yazdığım anda belə onlar bəlkə də yazdıqlarımı dərhal oxuyurlar. Yəni ABŞ-ın gözündən nəyinsə yayınması imkansızdır.
Elə isə niyə susur bu demokratiya keşikçisi?
İndi təsəvvür edək ki, Azərbaycanda buna bənzər polis şiddəti olaydı. Heç ona bənzər də yox, hardasa 5 qat aşağısı. Nə baş verərdi?
ABŞ Dövlət Departamenti gecəylə bəyanat verərdi!
Human Rights Watch, Amnesty International, Freedom House və daha neçə-neçə beynəlxalq təşkilat səs-səsə verib Azərbaycandakı “diktatura”nın “şiddət və zorakılığını” dünyaya car çəkməkdəydi.
Hələ mən bəzi ölkələrin milli “insan haqları” qurumlarını demirəm. Örnək üçün, Norveç İnsan Haqları Evi, Çexiyanın Möhtac İnsanlar (People in Need) adlı qurumları da indi sözün həqiqi mənasında şivən salmışdı.
Bəs Ermənistandakı bu bariz şiddətə gələndə niyə susurlar?
İllərdir deyirik bunun səbəblərini: ikili standart, özəlliklə də Azərbaycan və Türkiyə kimi dövlətlərə açıq düşmən münasibəti! Məsələ bu qədər aydın və açıqdır. Və belə aydınlıq varkən bəzi vətəndaşlarımız hələ də Qərbdən “demokratiya və insan haqları” nicatı ummağa davam edirlər…