Son yeniləmə: 19 May 2022 21:12
Azərbaycan və Türkiyə QHT-ləri Əməkdaşlıq Platformasının yaradılmasına dair razılıq əldə olunub
Bayraqdar.info – “Bir millət – iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələri əhatə edir. Dünya üçün bir örnək təşkil edən bu əlaqələr ötən hər gün daha da dərinləşir və bu, özünü iki qardaş ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıqda da göstərir.
İki qardaş ölkənin vətəndaş cəmiyyətləri bir arada
Məlum olduğu kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanıb.
Sənədin imzalanmasında məqsəd Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın, həmçinin birgə fəaliyyətin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran müştərək layihələrin və proqramların reallaşdırılmasına yardım etməklə iki qardaş ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.
Məhz bu sənəd əsasında Agentliyin təşkilatçılığı ilə mayın 15-də Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığı və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edib.
Eyni zamanda, Agentliyin təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
QHT Agentliyi Mətbuat xidmətindən bayraqdar.info-ya verilən məlumata əsasən 2022-ci “Şuşa ili” çərçivəsində mayın 19-da Bakıda keçirilən, Azərbaycanın rəsmi şəxslərinin, müxtəlif qurumların rəhbərlərinin, millət vəkillərinin, Türkiyədən gələn qonaqların, QHT Agentliyi Müşahidə Şurası üzvlərinin, həmçinin Türkiyədən və Azərbaycandan olan QHT nümayəndələri və media təmsilçilərinin iştirak etdiyi forum iki ölkənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Azərbaycanda QHT-lərin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür
İki qardaş ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıqdan bəhs edən filmin nümayişindən sonra açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan-Türkiyə əlaqələrindən və tədbirin əhəmiyyətindən danışıb.
Bildirib ki, belə əhəmiyyətli forumun Bakıda keçirilməsi vətəndaş cəmiyyətinin inkişafına və iki qardaş ölkənin QHT-ləri arasında əməkdaşlığın dərinləşməsinə təkan verəcək. A.Əliyeva qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.
Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi, sosial və mədəni həyatında mühüm rol oynayıblar.
Dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının nümunəsi
Qeyd olunub ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının nümunəsinə çevrilib: “Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur”.
V.Quliyev əlavə edib ki, “Şuşa ili” çərçivəsində Əməkdaşlıq forumunun keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisədir: “Çünki ilk dəfə hər iki ölkənin dövlət qurumlarının dəstəyi və vətəndaş cəmiyyətinin iştirakı ilə belə bir tədbir keçirilir. Artıq bu forum iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini sistemli şəkildə əlaqələndirəcək, ortaq layihələr reallaşdırılacaq, təcrübə və informasiya mübadiləsi həyata keçiriləcək. Gələcəkdə bu təşəbbüslərin Türk Dövlətləri Təşkilatı çərçivəsində də reallaşdırılması türk dünyası vətəndaş cəmiyyətinin bir araya gəlməsi və əməkdaşlıq baxımından faydalı ola bilər”.
Bu, QHT nümayəndələri üçün faydalı müzakirələr platforması olacaq
Forumda həmçinin Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin başqanı və Türkiyədən gələn nümayəndə heyətinin rəhbəri Ahmet Türköz, Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığı sədrinin müşaviri Orxan Gazigil, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayilov, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov çıxış edib.
Çıxışlarda bildirilib ki, 2022-ci ilin “Şuşa İli” elan olunması çərçivəsində keçirilən Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu hər iki ölkənin QHT nümayəndələri üçün faydalı müzakirələr platforması olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək.
Suallar, təkliflər, arzular
Forumun ikinci hissəsində Türkiyədən olan QHT-lərin təmsilçiləri faəliyyət sahələri üzrə təqdimatlarla çıxış ediblər.
İkinci paneli açıq elan edən Agentliyin nümayəndəsi Toğrul Məmmədli onun proqramı haqqında məlumat verib. Daha sonra Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfinin (SETA) xarici siyasət tədqiqatçısı Mustafa Caner, Qadın və Demokratiya Dərnəyi İdarə Heyəti rəhbərinin müavini Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar, Türkiyə Yeşilay Cəmiyyətinin İcraçı direktoru Muhammet Nurullah Atalan, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirci, Türkiyə Gənclik Vəqfinin nümayəndəsi Elif Habip çıxış edib.
Təqdimat çıxışlarından sonra panel sual-cavab formasında davam etdirilib. Tədbir iştirakçıları onları maraqlandıran sualları verməklə yanaşı gələcək əməkdaşlığa dair təkilflərini də səsləndiriblər.
Növbəti Forum Türkiyədə keçiriləcək
Qeyd edək ki, Forumun yekunu olaraq bəyanat qəbul edilib.
Bəyanatda bildirilir ki, “Türkiyə və Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları bu formatda tədbirlərin mütəmadi olmaqla keçirilməsi razılığına gəliblər. Növbəti “Əməkdaşlıq Forumu”nun Türkiyədə keçirilməsi və “Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platformasının” təsis olunması qərara alınıb.