Press "Enter" to skip to content

Torpaqların münbitliyi artırılır

Kollektor-drenaj şəbəkələri lildən təmizlənir

Son yeniləmə: 18 May 2022 10:14

Bayraqdar.info – Kollektor-drenaj şəbəkələri lildən təmizlənir, torpaqların münbitliyi artırılır.

Bu barədə bayraqdar.info-ya mayın 18-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

O, qeyd edib ki, 1977-ci ildən fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonları ərazisində yerləşən 132500 hektar əkin sahələrinə xidmət göstərir: “İdarə ötən il həmin əkin sahələrinə 3261 km uzunluqda xidmət edən kollektor-drenaj şəbəkəsinə qulluq edib. 2021-ci ilin təsərrüfat ilində 557 km uzunluqda kollektor-drenaj şəbəkələrində lildən təmizləmə işləri aparılıb. Bu işlərin mütəmadi aparılması nəticəsində əkin sahələrindən qrunt sularının qısa müddətdə nasos stansiyalar vasitəsi ilə dənizə ötürülməsinə nail olunur. Nəticədə torpaqların münbitliyi artır və məhsuldarlıq yüksəlir”.

Bildirilib ki, hazırda Salyan rayonunda Kürqaraqaşlı, Noxudlu, Arbatan, Dayıkənd, Çuxanlı, Şorsulu kənd ərazisində, o cümlədən Neftçala rayonunun Aşağı Surra, Xolqarabucaq, Qaçaqkənd, Qırmızıkənd və Boyat inzibati ərazilərində lildən təmizlənmə işləri davam etdirilir: “Bundan başqa baş kollektor olan Şimali Akkuşa kollektorunda da lildən təmizlənmə işləri davam edir. Ümumi uzunluğu 33 km olan Şimali Akkuşa kollektoru 16100 ha əkin sahələrinə xidmət göstərir. Kollektor əkin sahələrindən qrunt sularını çəkərək 11 aqreqatlı Birləşmiş nasos stansiyasına ötürür. Kollektor üzərində olan 9 ədəd borulu və aşırımlı körpülər qrunt sularının maneəsiz axıdılmasına xidmət göstərir”.

D.Şərifovun sözlərinə görə, qrunt sularını kollektor-drenaj sistemləri vasitəsi ilə dənizə ötürmək üçün 25 ədəd meliorativ nasos stansiyalardan istifadə olunur: “Bunlardan 19 ədədi təsərrüfatlar arası kollektor üzərində, 5 ədədi isə daxili təsərrüfat kollektorları üzərində, 1 ədəd nasos stansiya isə Axmaz gölü üzərində qurulub. Ötən il nasos aqreqatlarından 11 ədədi əsaslı, 51 ədədi isə cari təmir olunub. İdarənin məqsədi nasos stansiyalarda olan aqreqatlar vasitəsi ilə ayrı-ayrı kollektor-drenaj sahəsində minerallaşmış qrunt sularını mexaniki üsulla çəkib dənizə axıtmaqdır. Bununla yanaşı nasos stansiyaların və hidrotexniki qurğuların da sazlığı diqqətdə saxlanılır”.

O da qeyd edilib ki, İdarə tərəfindən nasos stansiyaların cari və əsaslı təmiri, o cümlədən kollektor-dren şəbəkələrində mütəmadi aparılan lildən təmizləmə işləri nəticəsində torpaqların münbütlüyü artırılıb, məhsuldarlıq isə yüksəlib: “Bunu salyanlı fermerlər də təsdiq edir. Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin balansında olan nasos stansiyalar vasitəsi ilə 890 milyon m3 qrunt suları dənizə axıdılıb, 4.1 milyon ton zərərli duzlar əkin sahələrindən kənarlaşdırılıb. Bu da torpaqların intensiv əkinçilik üçün istifadəsinə əlverişli imkan yaradıb”.

Mission News Theme by Compete Themes.