Press "Enter" to skip to content

Səhiyyə naziri Ankarada faydalı görüşlər keçirib

Ankara görüşlərindən

Son yeniləmə: 18 May 2022 07:44

Bayraqdar.info – Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyədə Azərbaycanlı həkimlər və bu sahədə təhsil alan gənclərlə görüşüb.

Xəbəri mayın 17-də bayraqdar.info-ya Azərbaycanın Türkiyədəki səfirliyindən veriblər.

Xəbərdə deyilir ki, görüş Ankaradakı Şuşa Konfrans Zalında keçirilib. Təşkilatçı qismində Azərbaycan səfirliyi və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi çıxış edib.

Səfir Rəşad Məmmədov öz açılış çıxışında Türkiyədəki azərbaycanlı həkimlərin istər 44 günlük Vətən müharibəsində, istərsə də koronavirus pandemiyası dövründə fədakarlığını qeyd edib, belə bir görüşün xüsusi əhəmiyyətini vurğulayıb.

Nazir T.Musayev isə Azərbaycanda səhiyyə sahəsinə göstərilən xüsusi diqqətdən danışıb, son illərdə ölkədə bu yöndə aparılan islahatlar barədə fikirlərini paylaşıb.

Dərnəyin rəhbəri Fərid Qasımzadə çıxışında qurumun yaranması və fəaliyyəti barədə geniş məlumat verib.

“Görüş sual-cavab hissəsi ilə davam edib. Azərbaycanlı həkimlər belə bir əhəmiyyətli görüşün təskilinə görə təşəkkürlərini ifadə edib, səhiyyə nazirinə fəaliyyət prosesində rastlaşdıqları problemlər barədə məlumat verib və təkliflər irəli sürüblər”, – deyə xəbərdə bildirilir.

Əlavə edək ki, T.Musayev Türkiyə səfəri çərçivəsində qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca ilə də görüşüb. Bu haqda məlumatı da səfir R.Məmmədov öz sosial media hesabında paylaşıb.

F.Koca da öz sosial media hesabında paylaşım edərək Azərbaycan səhiyyə nazirinin ilk rəsmi yurddışı səfərini Türkiyəyə etməsini vurğulayıb.

Eyni gündə nazirin daha bir görüşü isə Ankara Universitetində olub. Səfirin də qatıldığı görüşdə rektor Necdet Ünüvarla fikir mübadiləsi aparılıb, Universitetlə tanışlıq olub.

Mission News Theme by Compete Themes.