Press "Enter" to skip to content

Rusiyanın törətdiyi Krım tatar sürgünündən 78 il ötür

Krım bayrağı

Son yeniləmə: 18 May 2022 18:23

Bayraqdar.info – Qanlı Sovet (əslində Rusiya) imperiyasının sürgünə göndərərək soyqırıma uğratdığı Krım tatarları mayın 18-də bu acı olayın 78-ci ilini qeyd edir. Onlarla bərabər bütün türk dünyası, həmçinin Krımın bağlı olduğu Ukrayna dövləti də həmin günü uyğun şəkildə diqqətdə saxlayır. Bununla bağlı mayın 18-də Ukrayna Xarici İşlər Nazirliyi ayrıca şərhlə də çıxış edib.

Ukraynanın Bakıdakı səfirliyindən bayraqdar.info-ya daxil olan xəbərə görə, şərhdə deyilir ki, “bu gün Ukrayna 20-ci əsr tarixinin ən faciəli səhifələrindən olan 1944-cü ilin mayında Krım tatar xalqının Stalin rejimi tərəfindən zorla deportasiyasının qurbanlarının xatirəsini yad edir. Krım tatarlarının demək olar ki, hər ikinci – Krımın yerli xalqının təxminən 200 min nümayəndəsi NKVD-DXXK tərəfindən məcburi köçürülmə nəticəsində həlak olmuşdur”.

Şərhdə daha sonra qeyd edilir ki, “Krım tatarlarına qarşı sovet siyasəti xüsusilə qəddar idi. Kütləvi məcburi deportasiya Krım tatar xalqının tarixi yaddaşının, özünəməxsus mədəniyyətinin və dilinin qəsdən məhv edilməsi, onların əmlakının tamamilə talan edilməsi ilə müşayiət olunmuşdur”.

“2014-cü ildə Rusiya Krım tatar xalqına qarşı cinayətkar sovet təcrübələrini bərpa etdi. Əslində, Krımın müvəqqəti işğalının ilk günündən etibarən işğalçılar yerli xalqa qarşı amansız repressiyalara və siyasi təqiblərə başladılar. Onlar zorla Rusiya silahlı qüvvələrində xidmətə cəlb edildi, dinc etiraz, Krımın tatar dili və mədəniyyətinin istifadəsi və inkişafı hüququndan məhrum olundu”, – deyə şərhəd bildirilir.

Daha sonra vurğulanır ki, “2016-cı ildən bəri işğalçı hakimiyyət Krım Tatar Xalqı Məclisinin fəaliyyətini qadağan edib və Beynəlxalq Ədalət Məhkəməsinin bu qanunsuzluğu aradan qaldırmaq tələbinə məhəl qoymayıb. Krım tatar xalqının liderləri, o cümlədən Mustafa Cemilev və Refat Çubarov təqib edilir. Onların Krım ərazisinə girişi qadağan olunub. Siyasi rejim əksəriyyəti Krım tatarı olan 120-dən çox Ukrayna vətəndaşını siyasi və ya dini səbəblərə görə qanunsuz olaraq həbs edir”.

“Son 8 il ərzində Rusiya işğalçıları Krımın görünməmiş hərbiləşdirilməsini həyata keçirib, bir vaxtlar qonaqpərvər və dinc olan yarımadanı hərbi bazaya çevirib. İşğalçılar Qara dəniz regionunda təhlükəsizliyə zərbə vurub. Hazırda Rusiya hərbçiləri yarımadadan Ukrayna şəhərlərini atəşə tutmaq və Ukraynanın Güneyindəki əraziləri ələ keçirmək üçün istifadə edir.

“Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi yarımadada insan haqlarının vəziyyətini daha da gərginləşdirib. Krım tatarları sistematik siyasi təqiblərdən, etnik və dini ayrı-seçkilikdən, zorla itkin düşmələrdən, işgəncələrdən və həbslərdən əziyyət çəkir. İşğalçılar xüsusən də Krım Tatar Xalqı Məclisi sədrinin birinci müavini Nariman Celalın aktiv vətəndaşlıq mövqeyinə görə qisas almaqdan başqa bir şey olmayan qondarma ittihamlarla qanunsuz həbsini davam etdirirlər.

“Biz dünyanı 1944-cü ildə baş vermiş Krım tatarlarının deportasiyasını soyqırım kimi tanımağa, Ukrayna və tərəfdaşlarının Krımın işğaldan azad edilməsi üçün birgə mübarizəni davam etdirdiyi Beynəlxalq Krım Platformasına qoşulmağa və Rusiyaya qarşı beynəlxalq sanksiyaları gücləndirməyə çağırırıq. Rusiya Federasiyası Ukrayna ərazisində, o cümlədən Krımda insanlara və insanlığa qarşı törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət daşımalıdır.” Şərhdə belə deyilir.

Mission News Theme by Compete Themes.