Press "Enter" to skip to content

Nikol Paşinyanın KTMT-dəki çıxışının pərdəarxası

Yeganə Hacıyeva

Son yeniləmə: 18 May 2022 15:45

Bayraqdar.info – “Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitində 44 günlük Vətən müharibəsi və ümumiyyətlə Azərbaycanla bağlı fikirləri heç də gözlənilməz deyil. O mənada ki, Ermənistanın Baş naziri bu cür reallıqdan kənar, absurd çıxışlar etməkdə adətkardır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, N.Paşinyanın son çıxışı absurd olmaqla yanaşı, bir növ KTMT-ni ittiham etmək, öz məğlubiyyətinin günahını bu təşkilat üzərinə atmaq cəhdi idi: “Ermənistanın Baş naziri reallıq hissini o qədər itirib ki, iclasda o, KTMT üzvlərinin 44 günlük Vətən müharibəsində Azərbaycana silah göndərdiyini belə iddia edib. Əslində bu, erməni həyasızlığının növbəti təzahürüdür”.

Politoloq deyib ki, N.Paşinyanın bu çıxışının başqa bir məqamı da var: “Bəlli olduğu kimi, Rusiyanın hakim dairələrində Ermənistanı bu ölkənin forpostu kimi görənlərlə yanaşı, başqa bir qrup da var. Həmin qrup Rusiyanın imkanlarından istifadə edərək Ermənistanın maraqlarının təmin edilməsinə çalışır. Bu qrupun başında isə Rusiya Xarici İşlər və Müdafiə nazirliklərindəki erməni şəbəkəsi dayanır. Həmin qrupda həmçinin Rusiyanın maliyyə, təhlükəsizlik, ümumilikdə bütün sahələrində çalışan şəxslər də var. Onlar hər vəchlə Ermənistanla Azərbaycan arasında əbədi sülhün imzalanmasının qarşısını almağa çalışırlar. Həmin qrup Qarabağda erməni terrorçularının və separatçılarının qalması üçün Rusiya sülhməramlılarının imkanlarından istifadə etmək istəyir”.

Y.Hacıyevanın qənaətinə görə Rusiyadakı həmin şəbəkə yenə də aktivdir: “Bu şəbəkə bir tərəfdən Ukraynadakı hadisələr fonunda nüfuzu zəifləyən Vladimir Putinə təzyiq edib ondan Ermənistanın xeyrinə nəsə qoparmaq istəyir. Eyni zamanda, hazırda Ermənsitandakı kütləvi aksiyalarda revanişist qüvvələr tərəfindən Azərbaycanla sülh sazişinin imzalanmaması da tələb olunur. N.Paşinyan da KTMT-nin iclasında bu cür fikirlər səsləndirməklə göstərməyə çalışır ki, o hələ nəyisə dəyişmək istəyir. Yəni bununla o, bir növ etirazçıların qəzəbindən yayınmağa və müxalifətin iddialarının əsassız olduğu mesajını verməyə çalışır”.

Polotoloq onu da qeyd edib ki, Rusiyanın hakim dairələri də Ermənistanın son davranışlarına loyal yanaşır: “Bu bir daha sübut edir ki, rəsmi Moskva Ermənistandan yana siyasətindən vaz keçmək niyyətində deyil. Yəni Rusiya tarix boyu Cənubi Qafqazdakı dayaq nöqtəsi kimi Ermənistanı seçib. Azərbaycan torpaqları hesabına ermənilərə dövlət qurub və zaman-zaman bu dövlətdən regionda öz maraqları üçün maşa kimi istifadə edir. Bu siyasət hazırda da davam edir”.

Mission News Theme by Compete Themes.