Son yeniləmə: 17 May 2022 12:39
Bayraqdar.info – Azərbaycan YUĞ Dövlət Teatrı Türkiyənin Konya şəhərində keçiriləcək XIV “Min nəfəs – bir səs” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Xəbəri bayraqdar.info-ya Teatrın mətbuat xidmətindən veriblər.
Xəbərdə deyilir ki, kollektiv festivalda Azərbaycanı “Kloun Z” tamaşası ilə təmsil edəcək. Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.
“Feeriya-makabr janrında hazırlanmış tamaşada pyesdən fərqli olaraq, vakansiya üçün müraciət edən klounlar qadınlardır. Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “Min nəfəs – bir səs” Türkiyənin nüfuzlu teatr festivallarındandır: “Artıq 14-cü dəfə keçirilən festival bu il 20-30 may tarixlərinə təsadüf edir. Festivalda Kosova Sənət Teatrı, Gagauz Milli Teatrı, Qazaxıstan Dövlət Kukla Teatrı, Qazaxıstan Nur-Sultan Akimat Jastar Teatrı, Hollandiya NY Prodakşn, İstanbul Dövlət Teatrı və Van Dövlət Teatrı da iştirak edir. YUĞ Dövlət Teatrının kollektivi may ayının 23-də Konya Dövlət Teatrının səhnəsində çıxış edəcək”.
“Tamaşa kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təkif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar. Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.” Xəbər bu sözlərlə bitir.