Son yeniləmə: 17 May 2022 16:03
Bayraqdar.info – Mədəniyyət Nazirliyi və “Mədəniyyət şəbəkələr evi” (“Cultural Network House”) assosiasiyasının birgə təşkilatçılığı ilə yeni “Ustad dərsləri” layihəsinə başlanıb.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevin rəhbərliyi ilə “Ustad dərsləri” layihəsi 11 may – 29 iyun tarixlərində həftədə iki dəfə olmaqla həyata keçiriləcək: “Layihənin məqsədi – Azərbaycan milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində Avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdir”.
Qeyd edilib ki, layihə 3 mərhələdən ibarətdir: “Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin Xalq Çalğı Alətləri şöbəsində – tar, kamança, qanun, balaban, nağara ixtisası üzrə təhsil alan şagirdlərin arasında keçirilən (1-30 aprel 2022) seçim turu; 11 may 2022-ci il tarixində L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Ustad dərsləri”nin başlaması; Ustad dərsləri keçən şagirdlərin Toğrul Əsədullayev ilə birgə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi mərasimi”.