Son yeniləmə: 17 May 2022 11:41
Bayraqdar.info – Azərbaycan qazilərinin bir qrupu Türkiyədə səfərdədir. Qazilərin bu səfəri “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi çərçivəsində “YAŞAT” Fondunun və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Bu barədə bayraqdar.info-ya ASAN xidmətdən məlumat verilib.
Məlumatda qeyd edilib ki, Azərbaycan qaziləri “Alanyaspor”-“Qaziantepspor” futbol maçı öncəsi meydanda Alanya Spor Futbol Klubunun prezidenti Hasan Çavuşoğlu ilə görüşüblər: “Klubun prezidenti qazilərlə Qarabağ Zəfəri ilə bağlı səmimi fikirlərini bölüşüb və hər birinə qarşılanma hədiyyəsini şəxsən təqdim edib. Oyun başlayanda isə futbolçular meydana üzərində Azərbaycan Türkiyə dostluğuna həsr edilən “Birlikdəyik, güclüyük!” yazısı əks olunan xüsusi formada çıxıblar. “Alanyaspor”-“Qaziantepspor” futbol maçı Alanyanın 3-0 hesablı qələbəsi ilə sona çatıb. Qələbə Azərbaycanın qəhrəman qazilərinə həsr olunub”.
Türkiyə mətbuatı isə xəbər verir ki, oyundan sonra klubla da tanışlıq olub. Öz növbəsində H.Çavuşoğlu Azərbaycan qazilərini Alaniyada qonaq etməkdən məmnun olduğunu bildirib: “Can Azərbaycanın Vətən müharibəsi qazilərini burada qəbul etməkdən şərəf duyuruq. Hamısına ən xoş arzularımı göndərirəm. Sizinlə burada olmaq bizi qürurlandırır. İnşallah, biz də Bakıya gələrək orada sizi ziyarət edəcəyik. Alanyaya xoş gəlmisiniz. Sizləri sevirik”.