Son yeniləmə: 17 May 2022 15:43
Vüqar Bayramov: Bu qərarlar dünyadakı ərzaq qıtlığı problemini daha da dərinləşdirəcək
Bayraqdar.info – “Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi dünyada daha çox ərzaq qıtlığına təsir göstərir. Yəni bu müharibə qlobal maliyyə böhranından daha çox qlobal ərzaq böhranına gətirib çıxara bilər”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu böhranın təsirləri artıq hiss edilməyə başlanıb: “Bu gün MDB-nin praktik olaraq ən çox buğda ixrac edən 3 ölkəsi Ukrayna, Rusiya və Qazaxıstan ixracı dayandırıb. Rusiyanin Ukraynaya hücumu nəticəsində bu ölkədən xaricə buğda ixracı həyata keçirilə bilinmir. Digər iki ölkə isə daxildə ərzaq təhlükəsizliyinin təminini əsasə götürərək buğda ixracını dayandırıb. Onu da qeyd edək ki, bu üçlük dünyada ən çox buğda ixrac edən ilk 10 ölkə sırasında idi. Eyni zamanda bu günlərdə Hindistan da buğda ixracını dayandırdığını bəyan edib”.
Millət vəkili deyib ki, ilkin hesablamalara əsasən bu qərarlar dünyadakı ərzaq qıtlığı problemini daha da dərinləşdirəcək: “Xüsusilə də 2022-ci ilin ikinci yarısında ərzaq qıtlığı problemi daha da dərinləşəcək. BMT-nin hesablamalarına görə Rusiya-Ukrayna müharibəsi, eyni zamanda qlobal istehlak bazarında baş verənlər dünyada 2 milyarddan artıq insanı aclıq təhlükəsi ilə üz-üzə qoya bilər. Eyni zamanda hesablamalar ondan xəbər verir ki, ərzaq qıtlığı yalnız 2022-ci ildə deyil, növbəti illərdə də müşahidə olunacaq”.