Son yeniləmə: 16 May 2022 09:41
Bayraqdar.info – Türkiyənin Ankara şəhərində tanınmış diplomat, tarixçi alim, professor Həsən Həsənovun “Atropatena – Adorbayqan adlı dövlətin doğulması” (Atropatena – Adorbaygan Adlı Devletin Doğuşu) kitabının təqdimatı və imza mərasimi keçirilib.
Bu barədə bayraqdar.info-ya tədbirin təşkilatçısı ola “Zengin Yayıncılık”ın nəşriyyat şirkətindən məlumat verilib.
Bildirilib ki, mərasim Adnan Ötüken Xalq Kitabxanasında baş tutub. Tədbiri giriş sözü ilə açan Ötüken Kitab Klubunun rəhbəri Fuat Yakar ümumtürk tarixinə işıq salacaq kitabın əhəmiyyətindən danışıb.
Daha sonra “Zengin Yayıncılık”ın nəşriyyat şirkətinin təsisçisi və baş redaktoru Sevinç Fırat “Atropatena – Adorbayqan adlı dövlətin doğulması” kitabın çap edilməsinin əhəmiyyətindən danışıb.
Təqdimat mırasimində həmçinin xarici ölkə yazıçılarının çoxsaylı əsərlərini türk dilinə tərcümə etmiş tərcüməçisi, həmyerlimiz professor Şəfiqə Hüseyn də çıxış edib.
Sonra söz müəllifə verilib. Qələmə aldığı kitab haqqında ətraflı məlumat verən professor Həsən Həsənov bu kitabın ümumilikdə türk tarixinə fərqli baxış gətirəcəyinə əmin olduğunu bildirib. O, “Atropatena – Adorbayqan adlı dövlətin doğulması” geniş araşdırma və təhlil prosesindən keçərək ərsəyə gələn bir kitab olduğunu deyib: “Azərbaycan dövlətçilik tarixində rol oynamış bütün türk boyları bu kitabda yer alır. Onu da deyim ki, milli kimliyimiz tarixinin bütün mərhələlərində bu coğrafiyada mövcud olub”.
Müəllif həmçinin iştirakçıların çoxsaylı suallarını cavablandırıb və kitabda yer alan tarixi məqamlar ətrafında müzakirələr aparılıb.
Tədbirdə Ankaranın Çankaya rayon icra rəhbəri Hüdayar Mete Buhara və icra nümayəndəliyinin üzvləri, Azərbaycan Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, Ötüken Kitap Klubunun üzvləri, Türkiyənin televiziya kanallarının və digər mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.