Press "Enter" to skip to content

Təbrizdən hayqırtılar: “Bıçaq sümüyə dayanmış, can boğaza yığılmış!”

Təbriz. Divarlar etiraz şüarlarıyla doludur

Son yeniləmə: 16 May 2022 11:25

Bayraqdar.info – İranın müxtəlif bölgələrində etiraz aksiyalarının davam etdiyi bir vaxtda mayın 15-də fəallar Təbriz şəhərində divarlara türkcə şüarlar yazaraq əhalini hökumətə qarşı aksiyalara səsləyiblər.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Fəallar “Bıçaq sümüyə dirənib, can boğaza yığılıb!”, “Səsimizə səs ver, millət! Çıxış yolu bu gün – sabahdır!” və başqa bu kimi şüarlarla ağır iqtisadi duruma işarə edib və Güney Azərbaycanlıları etiraza çağırıblar.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərindən ilk etiraz aksiyalarına qoşulan Ərdəbil olub. Mayın 13-də Ərdəbil şəhərinin Şəriəti meydanında əhali bahalığa və ərzaq qıtlığına qarşı etiraz mitinqi keçirib.

Yerli vaxtla saat 17:40-dan sonra başlayan aksiyaların qarşısını almaq üçün polis məmurları etiraza müdaxilə edərək aksiyaçılara qarşı zor işlədib, rezin dəyənəklərdən istifadə edib. İlkin məlumatlara görə, çoxlu sayda etirazçı həbs edilərək naməlum yerlərə aparılıb.

Hələlik tutulan milli fəallardan yalnız Nasir Beheşti və Şükür Qasıminin adları məlumdur. Ərdəbilin Şəriəti meydanı, habelə mərkəzi küçələrinə çox sayda polis və təhlükəsizlik qüvvələrinin cəlb edildiyi bildirilir.

Əlavə edək ki, son vaxtlar İranda sosial vəziyyət daha da pisləşib və dözülməz hala çatıb. Fars-molla rejimi isə bunu dünyadan gizli tutur, eyni zamanda azacıq səsini yüksəldən olanda da ən sərt şəkildə cəzalandırır. Lakin adicə gündəlik çörəyə belə möhtac qalan insanların artıq itirəcəyi bir şey də qalmadığından onlar hər cür etiraza baş vurur.

Mission News Theme by Compete Themes.