Press "Enter" to skip to content

Rize-Artvin Hava Limanından verilən mesajlar

Huluci Kılıç

Son yeniləmə: 16 May 2022 14:09

Hulusi Kılıç: Dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan qardaşlığı hər keçən gün daha da güclənir və möhkəmlənir

Bayraqdar.info – “Mayın 14-də cənab Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışına qatılması çox tarixi bir hadisə idi. Bununla dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan qardaşlığı hər keçən gün daha da güclənir və möhkəmlənir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.

Əl-ələ, çiyin-çiyinə

Keçən il Füzuli Hava Limanının açılışında Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın iştirak etdiyini xatırladan H.Kılıç bunun da xüsusi önəm və məna kəsb etdiyini deyib: “Füzuli Hava Limanının açılışı Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən cəmi 8 ay sonra baş tuturdu. Bunun da böyük önəmi və mənası vardı. Bu ondan xəbər verirdi ki, necə ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misilsiz qəhrəmanlıqla və qətiyyətlə Azərbaycan torpaqlarını işğaldan azad etdi, eyni qətiyyət də bu torpaqlarda aparılan quruculuq-bərpa işlərində göstərilir. Qısa bir zamanda inşa edilən Füzuli Hava Limanının açılışında iki qardaş ölkənin rəhbərlərinin birgə iştirakı azad Qarabağdan dünyaya verilən “Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, postmüharibə dövründə də Azərbaycanın yanındadır” mesajı idi”.

Keçmiş səfir hesab edir ki, dostlarımız da, düşmənlərimiz də, düşmənlərimizin havadarları da bu mesajı aldılar: “Bununla bütün dünyaya bəyan edildi ki, iki qardaş ölkə işğaldan azad edilmiş torpaqların dirçəldilməsi işində də əl-ələ, çiyin-çiyinə olaraq birgə addımlayırlar”.

Dar gündə də, xoş gündə də birlikdəyik

Vurğulanıb ki, bu sadalananlar fonunda İ.Əliyevin mayın 14-də Rize-Artvin Hava Limanının açılışında iştirakı da bir çox mesajlar vermiş oldu: “Əvvəla, bununla bir daha iki qardaş ölkənin əməkdaşlığının türk xalqının ulu öndəri Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” fəlsəfəsi üzərində qurulduğu bir daha nümayiş olundu. Bəlli oldu ki, Azərbaycanla Türkiyə dar gündə də, xoş gündə də birlikdədirlər”.

“İkincisi, bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri ötən hər gün daha da inkişaf edir və dərinləşir. Bunun əsasında iki qardaş xalqın tarixi bağları və yaşadığımız zamanda prezidentlər İlham Əliyevlə Recep Tayyip Erdoğanın qətiyyəti dayanır”, – deyə H.Kılıç qeyd edib.

Biz dost, qardaş və rəsmən müttəfiqik

Bütün bunlara bir diplomat baxışına, diplomat dəyərləndirməsinə gəlincə, H.Kılıç aşağıdakıları bildirib: “Mən dəyərləndirməyə təxminən bir il öncə, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalandığını xatırlatmaqla keçid etmək istəyirəm. Bu bir həqiqətdir ki, xalqların tarixi bağlarına və iki qardaş ölkənin prezidentlərinin siyasi iradəsinə söykənən Türkiyə-Azərbaycan əlaqələri Şuşa Bəyannaməsinin imzalanması ilə yeni mərhələyə qədəm qoyub. Çünki Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. Cənab Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışındakı çıxışında bəyan etdiyi kimi, keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşada Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

H.Kılıç deyib ki, bu, ən böyük və ən dərin dəyərləndirmədir: “Yəni Şuşa Bəyannaməsinin imzalanması ilə iki qardaş və dost ölkə artıq həm də rəsmən müttəfiq oldu. Yenə də cənab İlham Əliyevə istinad etsək, bu addımlar atalarımızdan qalan siyasətin davamı, atalarımızın vəsiyyətinə sadiqliyin örnəyidir”.

Heç bir güc Türkiyə-Azərbaycan birliyinə xələl gətirə bilməz

Müsahibimiz qeyd edib ki, Ermənistan və onun xarici havadarları bu mesajı dərindən dərk etməli, ağıllı addım atmalıdır: “O cümlədən bütün dünya istər Füzuli, istərsə də Rize-Artvin hava limanının açılışında verilən birlik mesajlarını lazımi şəkildə dəyərləndirməlidir. Dünya bilməlidir ki, heç bir güc Türkiyə-Azərbaycan birliyinə xələl gətirə bilməz. Eyni zamanda Ermənistan ağıllı qərar verməkdə özündə güc tapmalıdır. Azərbaycan torpaqlarını işğaldan azad edəndən cəmi 8 ay sonra Füzulidə beynəlxalq hava limanı inşa etdi. Türkiyə dəniz üzərində Rize-Artvin Hava Limanını inşa etdi. Qeyd edim ki, dünyada su üzərində salınan cəmi 5 hava limanı var ki, onun da ikisi Türkiyədir. Bütün bunlar Azərbaycanın və Türkiyənin gücündən, qüdrətindən xəbər verir. Bu gün bu iki güclü ölkə Ermənistana sülh və inkişaf əli uzadır. Ermənistan bu əli möhkəm-möhkəm tutmalıdır ki, gələcəyini təmin edə bilsin. Həmçinin dünya da Türkiyə-Azərbaycan qardaşlığının gücünü, qüdrətini, sarsılmazlığını lazımi şəkildə dəyərləndirməli, Ermənistana revanşist iddialardan əl çəkməsi üçün təsir göstərməlidir”.

Mission News Theme by Compete Themes.