Son yeniləmə: 16 May 2022 18:01
Bayraqdar.info – Müdafiə Nazirliyi ilə “İrəli” İctimai Birliyinin birgə tərəfdaşlığı çərçivəsində “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyası davam edir.
Bu barədə bayraqdar.info-ya mayın 16-da “İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, aksiya çərçivəsində elmi, bədii, publisistik və digər janrlarda kitablar toplanacaq: “Toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq. Birlik bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır”.
O da qeyd edilib ki, kitab hədiyyə etmək istəyən şəxslər Bakı şəhəri üzrə “İrəli” İctimai Birliyinin ofisinə, regionlar üzrə isə Heydər Əliyev Mərkəzlərində yerləşən Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinə yaxınlaşa bilərlər.