Press "Enter" to skip to content

Dr. Yücel Karauz: Bu, qətiyyən yolverilməzdir

Dr. Yücel Karauz

Son yeniləmə: 16 May 2022 16:42

Yücel Karauz: Türkiyənin mövqeyi NATO-ya üzv olan ölkələr üçün də bir xəbərdarlıq sayılmalıdır

Bayraqdar.info – “NATO (Quzey Atlantika Müqaviləsi Təşkilatı) 1949-cu ildə 12 ölkənin iştirakı ilə qurulan hərbi-siyasi ittifaqdır. Qurum daha sonra sıralarına əlavə 18 üzv qəbul edərək onların sayını 30-a çatdırıb. Bu alyansın ən son genişlənməsi 2020-ci ildə Quzey Makedoniyanın üzvlüyə qəbulu ilə gerçəkləşib. Qurumun, bəlli olduğu kimi, həm hərbi, həm də siyasi yönü var”.

Bunu NATO-nun genişlənməsi ilə bağlı son durumu bayraqdar.info üçün dəyərləndirən Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə 2021-ci ildə qəbul edilən “NATO-2030” konsepsiyasına görə alyansın 2030-cu ilə qədər meydana çıxa biləcək təhlükələrə qarşı birgə mübarizə strategiyası müəyyən edilib: “Bu təhlükələr sırasında kibercinayətkarlıq, COVID-19 pandemiyası, terrorçuluq, üzv ölkələrin birinə kənardan hərbi müdaxilə qeyd edilib. Bu çərçivədə də NATO-ya üzv olan ölkələr bir-birilərinə qarşı sülh və dostluq çərçivəsində davranış nümayiş etdirməlidirlər”.

Y.Karauz deyib ki, bu günə kimi bu 30 ölkənin böyük çoxluğu hər hansı bir xarici və ya daxili təhlükəsizlik baxımından təhdidə məruz qalmayıb: “Ancaq Türkiyə barədə bunu demək olmaz. Çünki SSRİ dağılmazdan öncə Türkiyə Rusiyadan gələ biləcək təhdidlə ən çox üzləşə biləcək ölkə idi. Türkiyə eyni zamanda güneyimizdə formalaşdırılmağa çalışılan terror koridoru fonunda ərazi bütövlüyünə yönəlik çox ciddi təhdidlərə məruz qalmaqdadır. Ancaq təəssüflər olsun ki, NATO daxilindəki ölkələr Türkiyəyə yönəlmiş həm xaricdən, həm daxildən olan, həm də qaçqın axınının yaratdığı təhlükələrə qarşı heç bir addım atmadılar. Yəni Türkiyə NATO üzvü olduğu üçün onun üzləşdiyi hər hansı təhlükə də NATO-ya yönəlik təhlükə kimi dəyərləndirilməli, Türkiyəyə dəstək verilməli idi. Ancaq bu günə qədər biz bu dəstəyi görmürük. Əksinə, Yunanıstanın, Almaniyanın timsalında bəzi NATO ölkələrinin Türkiyənin əleyhinə olan terrorçulara qucaq açdığı kimsəyə sirr deyil. Məsələn, FETÖ terror təşkilatının çevriliş cəhdindən sonra terrorçuların məhz Yunanıstana qaçması, həmçinin Yunanıstanda və Almaniyada təhlükəsiz şəraitdə yaşaması bütün dünyaya bəllidir. Bütün bunlar isə NATO-nun birlik ruhuna tamamilə ziddir”.

General bildirib ki, bütün bunlar azmış kimi indi də terrorçuluğa siyasi baxımdan ev sahibliyi edən İsveç, Finlandiya kimi ölkələri NATO-ya üzv etmək istəyirlər: “Təbii ki, Türkiyə də haqlı olaraq buna qarşı çıxır. Türkiyənin ərazi bütövlüyünü hədəfə alan terror təşkilatının sıyasi qanadına ev sahibliyi edən bir ölkənin NATO-ya üzv olması qətiyyən yolverilməzdir. Əslində, Türkiyənin bu mövqeyi NATO daxilində bütün ölkələr üçün bir xəbərdarlıq da sayılmalıdır. Yəni NATO-ya üzv ölkələr alyans daxilindəki münasibətlərinə yenidən çəki-düzən verməli, qurumun nizamnaməsinə uyğun olaraq addım atmalıdırlar. Eyni zamanda, hesab edirəm ki, yeni üzv qəbul olunmaq istəyən ölkələr də NATO nizamnaməsinin əleyhinə olan hər hansı addım atmayacaqlarına dair üzərlərinə xüsusi bir öhdəlik götürməlidirlər”.

“Türkiyənin sərgilədiyi mövqe həm də bir fürsətdir. O baxımdan ki, NATO ciddi bir qurum olaraq öz üzvlərindən nizamnaməyə əməl edilməsini tələb etməli, öz fəaliyyətinə yenidən baxmalıdır. Hesab edirəm ki, Türkiyə bu münasibəti ilə həm də NATO-nun nüfuzunun bərpa edilməsinə çalışır”, – deyə Y.Karauz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.