Press "Enter" to skip to content

Azərbaycan Prezidenti Özbəkistanın rolunu yüksək dəyərləndirir

Qəbuldan görüntü

Bayraqdar.info – Mayın 16-da Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Qəbulda dövlət başçısı Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, ilk növbədə siyasi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. O, bu işdə iki ölkənin dövlət başçıları arasında münasibətlərin xüsusi önəm daşıdığını qeyd edib və bu baxımdan Özbəkistana səfərini məmnunluqla xatırladıb. İ.Əliyev tarixi, dil və mədəni yaxınlığın münasibətlərin möhkəmlənməsi üçün əsas yaratdığını bildirib.

“İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət dövriyyəsinin səviyyəsinin artırılmasının önəmini qeyd etdi və bunun üçün yaxşı imkanların olduğunu vurğuladı. Həm Azərbaycanda, həm də Özbəkistanda nəqliyyat infrastrukturu sahəsində böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və nəqliyyat dəhlizlərinin tam şəkildə işə salınması üçün perspektivlərin mövcud olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi sahədə qazandığı nailiyyətləri də qeyd edərək qarşılıqlı sərmayə qoyuluşu və digər ölkələrdəki layihələrə birgə sərmayə yatırılması imkanlarının da nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, İ.Əliyev Azərbaycanın və Özbəkistanın qanunverici orqanları arasındakı münasibətlərə toxunub, qarşılıqlı səfərlərin və beynəlxalq parlamentlərarası strukturlardakı əlaqələrin bu sahədə əməkdaşlığa töhfə verdiyini bildirib.

“Türk Dövlətləri Təşkilatında əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu təşkilat çərçivəsində iş birliyimizin ölkələrimizin qardaşlığı və tarixi dostluğundan, mədəni köklərdən irəli gələrək təbii əməkdaşlıq xarakteri daşıdığını vurğuladı və bu baxımdan Özbəkistanın bu təşkilata tamhüquqlu üzv olmasının önəmini qeyd etdi.

“Prezident İlham Əliyev digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlığın və ölkələrimizin qarşılıqlı dəstəyinin önəminə toxundu.

“Dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

“Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırlatdı.

“Dövlətimizin başçısı Nurdinjon İsmoilovun səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi”, – deyə xəbərdə bildirilir.

“Xoş sözlərə görə minnətdarlığını bildirən Nurdinjon İsmoilov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Eyni zamanda, o, Özbəkistanın dövlət başçısının 28 May – Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim etdi. Nurdinjon İsmoilov Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırdı.” Bu fikirlər də Prezidentin Mətbuat xidmətinin xəbərində yer alıb.

Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, öz növbəsində onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş edib.

“Nurdinjon İsmoilov bildirdi ki, Özbəkistan Prezidenti böyük siyasi xadim Ulu Öndər Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edir və Prezident İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini bildirir. Qonaq Ulu Öndərin bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş siyasi xadim olduğunu vurğuladı.

Qonaq, eyni zamanda, Bakıda gördüyü inkişafın onlarda dərin təəssürat hissi yaratdığını qeyd edib və Azərbaycanın qazandığı nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Mission News Theme by Compete Themes.