Son yeniləmə: 16 May 2022 12:22
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılmasını davam etdirir. Belə ki, Xidmət tərəfindən 2022-ci ilin ötən dövrü ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 38 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, Xidmətin qanunvericiliyə uyğun olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar: “Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. Həmçinin işəgötürənlər tərəfindən 332 min manata yaxın məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub”.
Məlumata əsasən, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib: “Ödənilən vəsaitin 99 faizi əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar olub. Bu ilin yanvar-aprel ayları ərzində Xidmətin vəzifəli şəxsləri tərəfindən 3 min 552 vətəndaş fərdi qaydada qəbul edilib. Vətəndaşlardan daxil olmuş 3 min 924 ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2 min 404 məktub araşdırılaraq cavablandırılıb”.