Son yeniləmə: 15 May 2022 14:52
Qurum üzvləri ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verirlər
Bayraqdar.info – “TÜİB Türkiyə və Azərbaycan arasında biznes və iqtisadi əlaqələrin genişlənməsi, eləcə də Azərbaycana dəstəklə bağlı çoxsaylı ciddi layihələr reallaşdırmaqdadır”.
Bayraqdar.info xəbər verir ki, bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat qurumun 5-ci dönəm Seçkili Ümumi Yığıncağı çıxışı zamanı dedi.
Hüseyin Büyükfırat: TÜİB olaraq sosial məsuliyyətimizi də dərk edirik
Xatırladaq ki, mayın 14-də keçirilən Ümumi Yığıncaqda Azərbaycan və Türkiyənin dövlət rəsmiləri – Türkiyə Cümhurbaşqanlığı Finans Ofisi başqanı Prof.Dr. Göksel Aşan, Azərbaycanın iqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Türkiyə və Azərbaycanın əmək və sosial müdafiə nazirlərinin müavinləri Ertuğrul Soysal və Anar Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycandakı Türkiyə səfirliyinin nümayəndələri, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Mustafa Kemal Beyazbayram, millət vəkilləri, sahibkarlıq təşkilatlarının – ASK, ATİB, MÜSİAD rəhbərləri, iş adamları, idarəçilər və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Ümummilli lider Heydər Əliyev, Ulu Öndər Mustafa Kamal Atatürk və şəhidlərin xatirəsinin yad edilməsi, həmçinin hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra H.Büyükfırat çıxış etdi.
Çıxışda qeyd olundu ki, sıralarında Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, şirkətləri və idarəçilərini birləşdirən TÜİB 2016-cı ildən fəaliyyətə başlayıb: “Azərbaycanın biznes cəmiyyətinin aktiv üzvünə çevrilmiş TÜİB-in üzvləri tikinti, istehsal, infrastruktur, qida sənayesi, ticarət sənaye, xidmətlər, turizm, ictimai iaşə, məsləhət xidmətləri, tibb, əczaçılıq və sair sahələrdə fəaliyyət göstərərək ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verirlər”.
Çıxışında sosialyönümlü tədbirlər barədə də məlumat verən H.Büyükfırat “TÜİB olaraq sosial məsuliyyətimizi də dərk edirik. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qardaş Türkiyənin dəstəyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad edilməsindən sonra TÜİB və tərəfdaşlarının “Tək millət, tək ürək”layihəsi çərçivəsində qazı və şəhid ailəsi üzvləri olan tələbələr Türkiyə universitetlərində pulsuz təhsil alır, “Qardaş ailə” layihəsi üzrə isə TÜİB üzvləri şəhid ailələrini ziyarət edib onları dəstəkləyir”, – deyə bildirdi.
Göksel Aşan: Bu, bizim şəhidlərimiz qarşısında borcumuzdur
Türkiyə Cümhurbaşqanlığı Finans Ofisi başqanı Prof.Dr. Göksel Aşan çıxışında Türkiyə ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən təhlükəsizlik, sosial sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı: “Biz Türkiyə olaraq Azərbaycanın inkişafına hər cür dəstəyi veririk və bundan sonra da verəcəyik. Qarabağın dirçəldilməsi, o torpaqlarda quruculuq-bərpa işlərinin görülməsində də türk iş adamlarının üzərinə böyük vəzifə düşür. Türk investorları orada olmalıdır. Bu, fürsət deyil, bir missiyadır. Bu, bizim şəhidlərimiz qarşısında borcumuzdur”.
“Hazırda qarşıda duran əsas məsələlər iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi, iki ölkə iqtisadiyyatlarının inteqrasiya edilməsi, Azərbaycan və Türkiyənin 3-cü ölkələrə mal və xidmətlərin təqdim edilməsinə başlanmasıdır”, – deyə G.Aşan daha sonra dedi.
Elnur Əliyev: TÜİB-in həyata keçirdiyi fəaliyyət çox önəmlidir
İqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu və daha da inkişaf etdiyini bildirdi. Onun sözlərinə görə, Türkiyə Azərbaycanın ən çox xarici sərmayə yatırdığı ölkədir və bu sahədə 1-ci yeri tutur: “Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycanın qeyri-neft sektoruna yatırılan sərmayənin həcminə görə 1-ci yeri tutur – indiyədək türk şirkətləri qeyri-neft sektoruna 2,9 milyard dollar yatırıb. Türkiyə Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır”.
O da qeyd edildi ki, hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərinin yenilən qurulmasında türk şirkətləri, o cümlədən iri holdinqlər aktiv iştirak edir.
Azərbaycanda indiyədək 4800-ə yaxın türk şirkətinin qeydiyyatdan keçdiyini xatırladan nazir müavini TÜİB-in fəaliyyətinin ənəmiyyətini vurğuladı: «Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi üçün özəl seuktor nümaynədələrinin və bu iş adamlarının təşkilatlandığı strukturların, o cümlədən TÜİB-in həyata keçirdiyi fəaliyyət çox önəmlidir».
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan və Türkiyə arasında sosial-iqtisadi əlaqələrinin inkişafı, əhəmiyyəti, iki ölkənin biznes qurumlarının əməkdaşlığı barədə məlumat verərək, TÜİB-in fəaliyyətində uğurlar arzu ediblər.
Hüseyin Büyükfırat yenidən TÜİB-in sədri seçildi
Çıxışlardan sonra qurumun rəhbərliyinə – İdarə Heyətinə və Təftiş Komissiyasına seçkilər keçirildi. Şəffaf və demoktratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq Hüseyin Büyükfırat yenidən TÜİB-in sədri seçildi.
Seçkidən sonra yenidən tribunaya qalxan H.Büyükfırat yeni seçilən üzvləri bir daha təbrik edərək onlara işlərində uğurar arzuladı. TÜİB rəhbəri bildirdi ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi bundan sonra da ölkə iqtisadiyyatına və Azərbaycan-Türkiyə əlaqələrinə töhfə verməkdə davam edəcək.
[…] TÜİB çoxsaylı ciddi layihələr reallaşdırır […]
[…] TÜİB çoxsaylı ciddi layihələr reallaşdırır […]