Bayraqdar.info – Mayın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xəbəri bayraqdar.info-ya Müdafiə Nazirliyindən veriblər.
“Qonaqları salamlayan müdafiə naziri dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb. General-polkovnik Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Müdafiə naziri bu münasibətlərin regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini deyib”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “səmimi qəbula görə təşəkkürünü bildirən S.Hacımüftüoğlu qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib”.
“Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri, habelə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.” Xəbərdə belə deyilir.
Nazir Qazaxıstan nümayəndələrini də qəbul edib
Nazir Z.Həsənov eyni gündə Qazaxıstan Müdafiə Nazirliyi Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.
Nazir, görüş əsnasında iki dövlət arasındakı əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib.
MN-in bayraqdar.info-ya daxil olan xəbərində deyilir ki, Z.Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib.
“Nazir, həmçinin Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi və Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb”, – deyə xəbərdə bildirilir.
Öz növbəsində Qazaxıstan müdafiə nazirinin salamlarını çatdıran general-leytenant S.İztleuov hərbi əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Xəbərdə daha sonra deyilir ki, “görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb. Sonda hərbi, hərbi təhsil və hərbi kəşfiyyat sahələrində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb”.
Qazaxıstanlı qonaqlar Azərbaycanın Baş Qərargah rəisi ilə də görüşüb
MN xəbər verir ki, Mayın 12-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan MN Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Qonaqları salamlayan general-polkovnik K.Vəliyev iki dövlətin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb”, – deyə xəbərdə qeyd edilir.
“Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant S.İztleuov hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.” Xəbər bu sözlərlər bitir.