Son yeniləmə: 13 May 2022 16:00
Bayraqdar.info – Mayın 12-də Qazaxıstanın başkəndi Nur-Sultanda “Dünya türkoloqlarının yubileyləri: tarix və çağdaşlıq” adlı beynəlxalq onlayn seminar keçirilib. Seminarı Beynəlxalq Türk Akademiyası (BTA) təşkil edib.
Xəbəri BTA yayıb.
Xəbərdə deyilir ki, tədbir 4 ayrı hadisəyə birlikdə həsr edilib. Bunlar Kültegin abidəsinin 1290, görkəmli türkoloq V.V.Radlovun anadan olmasının 185, görkəmli dilçi alim V.Tomsenin və Orxon abidələrini kəşf etmiş etnoqraf N.M.Yadrintsevin anadan olmasının 180 illiyidir.
Seminarda BTA-nın prezidenti Darxan Qıdırali, Türkiyənin tanınmış türkoloqları Osman Fikri Sertkaya, Ahmet Bican Ercilasun, Viskonsin-Medison Universitetinin (ABŞ) və Nazarbayev Universitetinin professoru Yulay Şamiloğlu, tanınmış qırğız türkoloqu Kadırali Konkobayev, Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzi direktorunun müavini Qaybulla Babayarov, İzmir Universitetinin professoru Katip Çelebi Şaban Doğan, Rusiya Elmlər Akademiyası (REA) Sibir bölməsinin Monqolşünaslıq, Buddalogiya və Tibetologiya İnstitutunun elmi işçisi Vladimir Tişin, REA Peterburq Şərq Əlyazmaları İnstitutunun elmi işçisi Dmitri Ruxlyadev, Katip Çelebi adına Universitetin islam arxeologiyası kafedrasının müəllimi Rinçinxorolın Monxtulqa mövzu üzrə məruzələrlə çıxış edib.
Tədbir əsnasında D.Qıdırali Kültegin abidəsi mətnlərinin 14 dilə elmi tərcüməsindən ibarət toplunu təqdim edib.
BTA-nın hazırladığı topluda Kültegin abidə yazılarının azərbaycan, ingilis, macar, qazax, çin, koreya, qırğız, monqol, alman, rus, tatar, türk, tıva və fransız dillərində tərcüməsi təqdim edilir. Eyni zamanda abidə ilə bağlı ən yeni bilgilər, sənədlər də topluya əlavə edilib.
BTA bildirir ki, sözü gedən yubileyləri özünün 2022-ci ilə aid təqviminə uyğun qeyd edir.
2020-ci ildə isə BTA UNESCO-nun himayəsi altında Tonyukuk abidəsinin 1300 illiyini qeyd edib. O zaman da Bilgə Tonyukuk abidəsinin mətnləri 12 dilə tərcümədə təqdim edilmişdi.