Son yeniləmə: 13 May 2022 16:28
Bayraqdar.info – “Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın ukraynalı fermerlərdən qeyri-qanuni olaraq müsadirə olunmuş taxılın məhv edilməsi üzrə hərəkətlərini qəti şəkildə pisləyir. Rus işğalçıları Ukrayna taxılını ələ keçirərək öz istehlaklarına yönəldir və ya beynəlxalq bazarlarda satmağa çalışırlar. Müstəqil suveren dövlətin ərazisindən ərzaq ehtiyatlarının oğurlanması talançılığın təzahürlərindən biridir”.
Bu xəbər bayraqdar.info-ya Ukraynanın Azərbaycandakı səfirliyindən daxil olub.
Xəbərdə daha sonra deyilir: “Ukrayna XİN istehlakçı ölkələrə Rusiya tərəfindən satılan taxıl partiyalarının tərkibində Rusiyanın işğalçı hakimiyyət orqanlarının talanları nəticəsində əldə edilmiş oğurlanmış taxılın qismən və ya tamamilə ola biləcəyi barədə xəbərdarlıq edib. Hesab edirik ki, oğurlanmış taxılı bilərəkdən alan istənilən ölkə bu cinayətin ortağıdır”.
“Ukrayna hökumətinin məlumatına əsasən, işğalçılar artıq dəyəri 100 milyon ABŞ dollarından çox olan azı 500 min ton taxıl oğurlayıblar. Taxıl yükü ilə Sevastopoldan çıxan demək olar ki, bütün gəmilər Ukrayna məhsullarını oğurlayıblar. Rusiyanın Ukrayna taxılını oğurlaması ukraynalı fermerlərin çoxsaylı ifadələri və sənədli sübutlarla təsdiqlənir:
-Özəl şirkətdə buğda və arpanın alınması haqqında qondarma “Berdyansk meriyasının” 07 may 2022-ci il tarixli 10 saylı əmri;
-Kənd İşləri və Kənd Təsərrüfatı Siyasəti Komitəsinin müvəqqəti olaraq RF silahlı qüvvələri tərəfindən işğal edilmiş Xerson vilayətindəki fermerlərdən məhsulun özgəninkiləşdirilməsi haqqında qərarına dair 27 aprel 2022-ci il tarixli, 379 (13593) saylı Rusiya Federasiyasının Krasnoyarsk diyarının Qanunvericilik Məclisinin press-relizi. Sənəddə komitənin sədri Vladislav Zıryanov Rusiya hakimiyyətinin belə bir siyasəti Ukraynanın digər regionlarına da genişləndirmək niyyətlərini dilə gətirib.
-Rusiya Kənd Təsərrüfatı Nazirliyinin taxıl və taxıl məhsullarının mənşəyini izləmək üçün Federal Dövlət İnformasiya Sisteminin (FDİS) tətbiqini 1 il müddətinə təxirə salmaq barədə təklifləri”, – deyə xəbərdə bildirilir.
Xəbərdə o da qeyd edilir ki, “Rusiyanın “Aqroanalitika Mərkəzi” tərəfindən hazırlanmış “Taxıl” FDİS tətbiqinin məqsədi Rusiyada ərzaq ehtiyatlarından istifadəsi üzərində nəzarətin qurulmasına yönəlib. Lakin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü səbəbindən artıq inkişaf etmiş sistem Ukrayna ərazisindən qeyri-qanuni ixrac olunan taxılın nəzərə alınması zərurəti yaranması səbəbindən Rusiya üçün arzuolunmaz hala gəlib”.
“Ukrayna taxılının cinayət yoluyla ələ keçirilməsi, ixracı və istifadəsi Rusiyanın dağıdıcı hərəkətlərinin daha bir sübutudur ki, bu da xüsusilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əsas prinsiplərini – ərzaq təhlükəsizliyinin təmin edilməsini və aclıqla mübarizəni zədələyir. İşğalçı dövlətin bu cür siyasəti onun FAO və digər beynəlxalq təşkilatlara üzvlüyünün məqsədəuyğunluğunu şübhə altına alır. Biz Rusiyadan taxıl oğurlamağı dayandırmağı, Ukrayna limanlarını blokdan çıxarmağı, gəmiçilik azadlığını bərpa etməyi və ticarət gəmilərinin keçməsinə icazə verməyi tələb edirik.
“Biz beynəlxalq ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü dayandırmaq, humanitar fəlakətin və dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün iqtisadi sanksiyaları gücləndirməyə çağırırıq”, – deyə Ukrayna XİN-in bəyanatında bildirilir.