Press "Enter" to skip to content

İctimai Birlik: “Sağlam gənclik, sağlam gələcək deməkdir!”

Tədbirdən görüntü

Bayraqdar.info – “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Suraxanı Gənclər Evində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında tədbir keçirib.

Xəbəri bayraqdar.info-ya mayın 13-də Birlikdən veriblər.

Xəbərdə deyilir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində təşkil edilib.

Tədbirin açılışında çıxış edən Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova Birliyin yeniyetmə və gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığını vurğulayıb. O, aidiyyəti qurumların bu cür tədbirlərin təşkili üçün verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Suraxanı Rayon Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov da çıxış edərək tədbir iştirakçılarına xoş arzularını bildirib.

İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinə və Suraxanı Gənclər Evinin heyətinə minnətdarlığını bildirib. O, qeyd edib ki, “Azərbaycan dövlətinin ptioritet vəzifələrindən biri sağlam gəncliyi olan cəmiyyət formalaşdırmaqdan ibarətdir. Ölkəmizdə gənclərin inkişafı, maariflənməsi, asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar mövcuddur. Layihə çərçivəsində gənclər mərkəzləri və evlərində apardığımız ictimai maarifləndirmə işləri prosesində bu istiqamətdə fəaliyyətlərin şahidi olduq”.

“Sağlam gəncliyin formalaşması üçün onların zamanında məlumatlara əlçatanlığını təmin etmək vacib şərtdir. Bu baxımdan mütəmadi olaraq gənclərin maarifləndirici tədbirlərə cəlb edilməsində böyük fayda var. Məlumdur ki, xroniki xəstəliklərin müalicəsinə və ya yaratdığı fəsadlara sərf olunan vəsait onun profilaktikasından daha baha başa gəlir. Bir çox hallarda xəstəliklər xronikiləşdiyi halda onları üzün müddət, hətta ömür boyu nəzarət altında saxlamaq və müalicə etmək lazım olur”, – deyə Z.Nəbiyeva bildirib.

Natiq çıxışından daha sonra qeyd edib ki, “təhlükəli yoluxucu xəstəliklər sayılan viral hepatitlər, əsasən də Hepatit B, D, C xronikiləşməyə meylli və uzun müddət simptomsuz və ya zəif simptomlarla keçən xəstəliklərdəndir. Bu da viral hepatitlərin yoluxma hallarını nəzarət altında saxlamağı çətinləşdirir. Zamanında müalicə olunmadıqda isə xroniki viral hepatitlər qaraciyər sirrozu və xərçənginin yaranmasına səbəb ola bilir”.

Xanım sədr bildirib ki, “nəinki viral hepatitlərlə, vərəm və QİÇS kimi digər təhlükəli yoluxucu xəstəliklərlə mübarizə yollarından biri önləyici profilaktik tədbirlərin görülməsidir. Bu baxımdan bugünkü tədbirin əsas məqsədi gənclərimizi sağlam gələcək naminə bilgilərlə silahlandırmaqdır”.

Z.Nəbiyeva daha sonra e-təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib.

Sonra mövzuya aid animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyi barədə təqdimat isə tədbir iştirakçılarına həkim, ekspert Samirə Muxtarova tərəfindən çatdırılıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə ətraflı danışıb.

İnteraktiv şəkildə aparılan tədbirdə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda isə iştirakçılara mövzuyla bağlı bukletlər, COVID-19 infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanılıb.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlılığını təmin etmək məqsədilə Suraxanı Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.

Ümumilikdə, Suraxanı Gənclər Evində keçirilən tədbirdən 60 nəfərdən çox yeniyetmə və gənc faydalanıb.

Tədbirdən sonra xatirə şəkli
Tədbirdən sonra xatirə şəkli

Qeyd edək ki, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin dörd aylıq layihə çərçivəsində Sabunçu Gənclər Evi, Bakı Gənclər Mərkəzi və Suraxanı Gənclər Evində keçirdiyi tədbirlərdən birbaşa olaraq 170 nəfərdən çox gənc bəhrələnib.

Bir daha bildirək ki, xəbəri bayraqdar.info-ya “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-dən veriblər.

Mission News Theme by Compete Themes.