Son yeniləmə: 13 May 2022 10:09
Bayraqdar.info – “ASAN xidmət” mərkəzlərində 30 mininci ASAN könüllüsü fəaliyyətə başlayıb.
Bu barədə bayraqdar.info-ya ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, bu müraciətin sahibi Quliyeva Zöhrə Aslan qızıdır. O könüllü fəaliyyətini 1 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirəcək: “Bununla əlaqədar təşkil olunan tədbirdə könüllüyə Dövlət Agentliyi tərəfindən ASAN könüllüləri ailəsinə qoşulduğu üçün təşəkkürnamə və hədiyyələr, həmçinin “CELT Colleges” şirkəti tərəfindən ASAN könüllüsünə 6 ay müddətinə ödənişsiz ingilis dili kursu proqramı hədiyyə təqdim edilib”.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyətin artırılması məqsədi ilə könüllülük fəaliyyəti həyata keçirilir. Bu prosesə 30 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3 mindən çox təlim, 700-dən çox layihə keçirilib və 3 minə yaxın könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində müxtəlif yerli və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı qismində çıxış ediblər.