Son yeniləmə: 12 May 2022 17:31
Bayraqdar.info – Xəbər verildiyi kimi 2022-ci il fevralın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Qayğı” Çağrı Mərkəzi (116 123) fəaliyyətə başlayıb. Bu günə kimi Çağrı Mərkəzinə 1 min 800-dən çox müraciət daxil olub.
Bu barədə bayraqdar.info-ya mayın 12-də ƏƏSMN-dən məlumat verilib.
Qeyd edilib ki, hər bir müraciət qeydiyyata alınaraq araşdırılıb və aidiyyəti üzrə yönləndirilib: “Müraciətlər əsasən imtiyazlı şəxslərin mənzil və avtomobil təminatı, sosial-psixoloji dəstək, məişət zorakılığından zərər çəkənlərə dəstək, sosial xidmət müəssisələrinə qəbul qaydaları, Agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı olub. “Qayğı” Çağrı Mərkəzində Agentlik tərəfindən göstərilən sosial xidmətlər və müəssisələrə qəbul proseduru barədə məlumatlandırma, məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, Uşaq Çağrı Xətti və onlayn psixoloji dəstək istiqamətləri üzrə müraciətlər cavablandırılır”.
O da vurğulanıb ki, sosial xidmətə ehtiyacı olan hər kəs “Qayğı” Çağrı Mərkəzinə zəng edərək Agentliyin təqdim etdiyi sosial xidmətlərdən yararlana, habelə bu xidmətlərlə bağlı məlumatlar əldə edə bilər.