Son yeniləmə: 12 May 2022 15:11
Bayraqdar.info – Xarici işlər nazirinin müavini Elnur Məmmədovun Latın Amerikasına səfəri davam edir. Səfər çərçivəsində nazir müavininin Paraqvay Xarici İşlər Nazirliyində görüşlər keçirdiyini bildirmişdik.
E.Məmmədovun növbəti görüşləri isə qanunverici orqanda olub. XİN-dən bayraqdar.info-ya mayın 12-də verilən məlumata görə, E.Məmmədov mayın 10-da Paraqvay Senatın sədri Oskar Salomon, senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüş keçirib: “Görüş zamanı tərəflər ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriyyətini vurğulayıblar”.
Qeyd edilib ki, həmin gün nazir müavini E.Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da görüş keçirib: “Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay Parlamenti tərəfindən Xocalı soyqırımın tanınmasına dair qəbul olunmuş qətnaməyə görə təşəkkür edib. Görüşdə, həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.