Son yeniləmə: 12 May 2022 08:43
Bayraqdar.info – Mayın 11-də gənclər və idman naziri Fərid Qayıbov cüdo üzrə Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cüdo üzrə milli komandanın üzvlərini salamlayan nazir onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb: “Məşqçilər Fərid Qayıbova yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər”.
Məlumatda o da qeyd edilib ki, cüdoçularımız aprelin 29-dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş qitə birinciliyində 3 medal qazanıblar: “Belə ki, 73 kq çəki dərəcəsində Hidayət Heydərov Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medal qazanıblar”.