Press "Enter" to skip to content

Güləşçilərimiz Bakıda və Ankarada təlim-məşq toplanışında

Son yeniləmə: 12 May 2022 10:56

Bayraqdar.info – Güləş üzrə böyüklərdən ibarət yığma komandalarımız növbəti təlim-məşq toplanışı başlayıb.

Bu barədə bayraqdar.info-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatından sonra bərpa prosesini başa vuran sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz təlim-məşq toplanışına başlayıb.

Məlumata əsasən sərbəst güləşçilər baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında geniş tərkibdə Bakıda məşq keçirlər: “Olimpiya Güləş Mərkəzində təşkil olunan təlim-məşq toplanışında İsveçrə, Estoniya və Latviya yığma komandalarının üzvləri də iştirak edirlər. Əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər mayın 25-dək davam edəcək. Növbəti toplanışda taktiki-texniki çalışmalara üstünlük veriləcək”.

Yunan-Roma güləşi üzrə millimiz isə ölkə xaricinə yollanıb: “Komandamız mayın 8-dən Ankarada Türkiyənin müvafiq yığması ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 13 güləşçi hazırlıq prosesində iştirak edir. Mayın 27-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər nəzərdə tutulub”.

Məlumatda qeyd edilib ki, təlim-məşq toplanışları avqustda Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına və sentyabrda Serbiyada baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Mission News Theme by Compete Themes.