Press "Enter" to skip to content

Bizi hər keçən gün daha da abadlaşan Şuşa qarşıladı

Minəvvər Vahabova

Son yeniləmə: 12 May 2022 19:16

Minəvvər Vahabova: Müharibədə əldə etdiyimiz tarixi Zəfər erməni diasporunun da belini qırıb

Bayraqdar.info – Xəbər verdiyimiz kimi 22-23 aprel tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Tarixə Zəfər Qurultayı kimi düşən bu ali tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.

Şuşada keçirilən Zəfər Qurultayı dünyaya bir mesaj oldu

Onlardan biri də Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin yaradıcısı və rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin üzvü Minəvvər Vahabovadır.

Münəvvər Vahova Şuşada

Qurultaydan sonra bayraqdar.info üçün özəl müsahibə verən M.Vahabova maraqlı məqamlara toxunub. Məlumat üçün bildirək ki, 1965-ci ildə Şəkidə anadan olan M.Vahabova 2007-ci ildə ABŞ-ın Nyu-York ştatına köçüb. Hazırda isə Nyu-Cersi ştatında yaşayan M.Vahabova Nyu-York Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin yaradıcısı və rəhbəri, həmçinin Amerika Azərbaycanlıları Koordinasiya Şurası İdarə Heyətinin üzvüdür.

Zəfər Qurultayının Şuşada keçirilməsi çox böyük önəm daşıyırdı

-Münəvvər xanım, siz də tarixi tədbi – Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının iştirakçısı oldunuz. Ümumiyyətlə, bu ali tədbiri necə dəyərləndirərdiniz?

-Şuşa ilində Zəfər Qurultayının Şuşada keçirilməsi çox böyük önəm daşıyırdı. Belə bir tarixi tədbirdə iştirak etdiyim üçün çox qürurluyam. Hesab edirəm ki, qurultay nümayəndələrinin hamısı eyni sevinci, eyni qüruru yaşadılar.

Qurultay günlərindən xatirə fotosu: Minəvvər Vahabova və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Çünki Ermənistanın işğalından azad edilən, özü də iğid övladlarımızın misilsiz şücaəti hesabına azad edilən Şuşada olmaq ayrı bir hissdir. Diaspor təmsilçilərimizin, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi dünyaya bir mesaj oldu. Bu qurultay Azərbaycanın gücündən, dünyanın harasında yaşamasından aslı olmayaq bütün azərbaycanlıların ürəklərinin hər zaman ana vətənimizlə birgə döyünməsindən xəbər verirdi.

-Bildiyimiz qədər bu, Şuşa işğaldan azad olunandan sonra sizin oraya ikinci səfəriniz idi…

-Bəli. Keçən il Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təmsilçilərinin Şuşaya iki səfərini təşkil etmişdi. Həmin səfərlərdən birində mən də var idim. Onu da deyim ki, Şuşa mənim üçün müqəddəs bir şəhərdir. Bu şəhərlə məni mənəvi tellər də bağlayır. Çünki qardaşım Kaşıyev Nəsib Nadir oğlu 1992-ci ildə Şuşada şəhid olub. Ora hər səfər edərkən sanki qardaşımın ruhunu da hiss edirəm.

Şuşada böyük miqyaslı quruculuq işlərinin şahidi olduq

-Birinci və ikinci səfər arasındakı müddətdə Şuşada hansı dəyişiklikləri gördünüz?

-Çox dəyişikliklər gördüm. Birinci səfərimiz zamanı yolların bəzi hissələri hələ tam təmir olunmamışdı. Birinci səfər zamanı biz ora səhər çatdıq və gecə də qayıtdıq. Həm səhər, həm də gecə orada böyük işlərin getdiyini müşahidə etdik. Bu dəfəki səfərdə isə artıq o işlərin nəticəsini gördük. Eyni zamanda Şuşada böyük miqyaslı quruculuq işlərinin şahidi olduq. Ən müasir səviyyədə salınan Zəfər yolu ilə irəliləyib şəhərə daxil olanda bizi hər keçən gün daha da abadlaşan və gözəlləşən Şuşa qarşıladı. Yeri gəlmişkən, hörmətli Prezidentimiz Qurultaydakı çıxışında bəyan etdi ki, artıq Şuşaya başqa bir yol da çəkilir. Bu, çox böyük bir magistral yol olacaq. Əminəm ki, növbəti səfərdə artıq tam qurulmuş və quruculuq işlərinin başa çatdığı bir Şuşa ilə qarşılaşacağıq.

Diasporun gələcək fəaliyyəti üçün yol xəritəsi

-Prezidentin Qurultaydakı çıxışında çoxsaylı məqamlara toxunuldu. Diaspor təmsilçilərimizdən biri olaraq bu çıxışdakı xüsusi məqamları necə təsnifatlandırardınız?

-Cənab Prezidentin çıxışı bütövlükdə gələcək fəaliyyətimiz üçün bir yol xəritəsidir. Biz bir fəaliyyət poqramı kimi dəyərləndirə biləcəyimiz bu çıxışdan irəli gələrək addımlar atacağıq. Xüsusilə də yaşadığımız ölkələrin ictimaiyyətinin məlumatlandırılması, postmüharibə dövrünün reallıqları barədə məlumatların çatdırılması, Azərbaycan evlərinin açılmasının sürətləndirilməsi, ana dili məktəblərinin açılması, nəhayət tariximizin, o cümlədən Vətən müharibəsi barədə həqiqətlərin daha dərindən öyrənilməsi işinin təşkili fəaliyyətimizin əsasını təşkil etməlidir.

-Azərbaycan dilinin və tarixinin öyrənilməsi ilə bağlı konkret olaraq sizin təmsil olunduğunuz təşkilatın hansısa bir proqramı olacaqmı?

-Mən özüm müəlliməm. Biz Amerikaya təzə köçən vaxt orada həftəsonu məktəbində bir neçə il çalışmışam. Düzdür, sonra bu məktəblərin işində bir fasilə verildi. Amma bu qurultaydan sonra biz həmin istiqamətdə fəaliyyətimizə yenidən baxacağıq. Heç şübhəsiz ki, həmin məktəblərin daha güclü fəaliyyət göstərməsi üçün bizə Azərbaycandan dərsliklər lazımdır.

Azad Şuşada

Ümumiyyətlə hər bir xarici ölkədə yaşayan azərbaycanlı uşaqların ikidilli olmasını nəzərə alaraq onlara uyğun dərsliklər lazımdır. Bir sözlə, xarcidəki azərbaycanlıların, xüsusilə də uşaq və gənclərin dilimizi, həmçinin tariximizi umutmamaları üçün bu məktəblərin işini daha da gücləndirməliyik. Onu da deyim ki, Azərbaycanda olduğu kimi, xaricdə də gənc azərbaycanlılar ana vətən üçün canından, qanından keçməyə hazırdır. Biz 44 günlük Vətən mühairbəsində Amerikada bunun şəxsən şahidi olduq.

-Diaspor təşkilatlarımızın Azərbaycan dilinin və tarixinin öyrənilməsi işində Azərbaycanda fəaliyyət göstərən QHT-lər, o cümlədən media orqanları ilə ortaq addımlar atmasına necə baxırsınız?

-Təbii ki, müsbət yanaşıram. Çünki bu ümumi işimizin xeyrinə ola bilər. Ümumiyyətlə, bizim təşkilat hər zaman Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə əlaqədədir. O təşkilatlarla koordinasiyalı işlər görməyə çalışırıq. Eyni zamanda pandemiya dövründə də bu əməkdaşlığımız davam etdi. Həmin vaxt onlayn tədbirlər, toplantılar keçirdik. Şəxsən mən QHT-lərlə yanaşı Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə əməkdaşlıq edirəm. Hazırda da bu əlaqələr davam edir. Heç şübhəsiz, bu vaxta kimi əməkdaşlıq etdiyimiz QHT-lərlə yanaşı yeni QHT-lərlə də əməkdaşlıq qurmaq niyyətindəyik.

-Bəlli olduğu kimi müharibədən öncə Amerikadakı ermənilər oradakı ictimaiyyəti yalan informasiyalarla aldadırdılar. Amma müharibədən sonra vəziyyət dəyişib. Bu baxımdan erməni diasporu ilə mübarizədə hansı addımları atmaq niyyətindəsiniz?

-Yenə də cənab Prezidentin çıxışına istinad etmək istəyirəm. Qeyd olunduğu kimi, artıq postmüharibə dövründə hədəflərimiz dəyişib. Əgər əvvəllər işğal faktı barədə danışırdıqsa, indi postmüharibə dövrünün reallıqları barədə danışmalı, işimizi buna uyğun qurmalıyıq. Yaşadığımız ölkələrin ictimaiyyətinə bunu lazımi şəkildə və vaxtında çatdırmaq bir nömrəli vəzifələrimizdən olmalıdır. Bu məqamda mən cənab Ali Baş Komandan başda olmaqla Azərbaycan ordusuna xüsusi təşəkkür etmək istəyirəm. Məhz müharibədə əldə etdiyimiz tarixi Zəfər erməni diasporunun da belini qırıb, səsini qısıb. Var olsun Azərbaycan əsgəri ki, biz, artıq onların şücaəti hesabına alnıaçıq, başa dik olaraq gəzə bilirik.

Fəal diaspor təmsilçiləri hər zaman diqqətdə saxlanılır

-Bildiyimiz kimi, qurultayda mükafatlandırılan diaspor təmsilçilərimizdən biri də sizsiniz. Buna görə sizi təbrik edir və təəssüratlarınızı bilmək istəyirik.

-Əvvəla, yaranmış fürsətdən istifadə edərək təşəkkürümü çatdırmaq istəyirəm. Cənab Prezidentin tapşırığına uyğun olaraq qurultayın bu cür möhtəşəm təşkilinə görə Diasporla İş üzrtə Dövət Komitəsinin rəhbərliyinə və heyətinə minnətdarlıq edirəm.

Minəvvər Vahabovaya mükafat təqdim edilərkən

Qeyd edim ki, 2018-ci ildən etibarən Diasporla İş üzrə Dövlət Komitəsində tətbiq edilən yeniliklər xarici ölkələrdə, o cümlədən Amerikada diaspor təşkilatlarımızın fəaliyyətinə əlavə stimul verib. Eyni zamanda Komitənin xaricdəki diaspor təşkilatlarında gənclərin önə çıxması, onlara şəraitin yaradılması istiqamətində fəaliyyəti alqışa layiqdir. Bu fəaliyyət diaspor təşkilatlarında işin güclənməsinə və davamlı olmasına stimul verir. Konkret sualınıza gəlincə, burada da Komitənin rəhbərliyinin diqqətini xüsusi qeyd etmək istəyirəm. Rəhbərlik öz işində fərqlənən diaspor təmsilçilərimizi hər zaman diqqətdə saxlayır.

Maraqlı müsahibədən xatirə fotosu

Bu qurultayda da biz bir daha bunun şahidi olduq. Qurultayda Komitənin xüsusi mükafatlandırdığı diaspor təmsilçilərindən biri də mən idim. “Diaspor fəaliyyətində fərqləndiyinə görə” medalı ilə təltif edildim. Bu etimada görə də təşəkkür edirəm. Biz hər hansı medala, mükafata görə iş görmürük. Amma çəkilən zəhmətə, görülən işə qiymət veriləndə bu bizi daha da həvəsləndirir, daha da sevindirir.

Qeyd: Münəvvər xanımla müsahibəni Beynəlxalq Avrasiya Mətbuat Fondunda etməli olduq. Səbəbsə o idi ki, o, Az.TV-də verilişdə iştirak etməli idi, vaxtının azlığı üzündən ora yaxın bir yerdə görüşməyi xahiş etdi. Bu arada ağlımıza gələn ilk yer elə Az.TV ilə divar-divara yerləşən BAMF oldu. Qurumun rəhbəri Umud Rəhimoğlu belə bir istəyimizə həvəslə şərait yaratdı və biz rahat bir ortamda müsahibəmizi aldıq. Buna görə U.Rəhimoğlu və BAMF kollektivinə də ayrıca təşəkkür edirik.

Mission News Theme by Compete Themes.