Son yeniləmə: 12 May 2022 14:34
Bayraqdar.info – Təbrizdə “Traxtur” futbol klubunun bir azarkeşi köynəyinə “Azərbaycan” sözü yazdırdığı üçün stadiona buraxılmayıb.
Xəbəri mayın 12-də “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “Traxtur” klubunun fanatı Abdulla Ənsari sosial mediada paylaşım edərək köynəyinin üzərində Azərbaycan sözü yazdırdığına görə stadiona buraxılmadığını bildirib. Onun sözlərinə görə, stadiona giriş bileti olmasına baxmayaraq, polis məmurları köynəyini dəyişməsini, əks təqdirdə girişinə icazə verilməyəcəyini söyləyiblər.
“Traxtur komandasının oyununu izləmək üçün 600 km yol qət edərək Muğandan Təbrizə gəlməyimə baxmayaraq, yalnız köynəyimin üzərində “Azərbaycan” sözü olduğu üçün stadiona buraxılmadım”, – deyə A.Ənsari bildirib.
“Traxtur” fanatı köynəyi çıxarmadığı və stadiona girməyə israr etdiyi üçün polis məmurları və nəzarətçilər tərəfindən döyüldüyünü və üz nahiyəsindən yaralandığını deyib. “Bu, bir şey deyil. Təki qanımız Azərbaycan uğrunda axıdılsın. Azərbaycana canımız fəda” deyən A.Ənsari növbəti oyunda da eyni köynəklə stadiona girməyə çalışacağını bildirib.