Press "Enter" to skip to content

Almaniya Rektorlar Konfransından Güneyli alimə dəstək

Əhmədrza Cəlaliyə azadlıq!

Son yeniləmə: 12 May 2022 14:48

Bayraqdar.info – Almaniyanın Rektorlar Konfransı Güney Azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı bəyanat yayaraq İran hökumətindən onun barəsində çıxardığı ölüm hökmünün ləğvini və azad buraxılmasını tələb edib.

“Azad İran” Telegram kanalının yaydığı xəbərə görə, qurumun sədri, Prof. Piter Andre Alet məsələ ilə bağlı Almaniya ali təhsil müəssisələri rəhbərlərinin ümumi yığıncağından əvvəl çıxış edib.

Fars-molla rejimi Güneyli alimi edam edir

“İran ölüm hökmünü icra etməklə İran-Almaniya akademik əməkdaşlığını daimi olaraq təhlükə altına salacaq və beynəlxalq akademik ictimaiyyətə arxa çevirmiş olacaq”, – deyə P.A.Alet vurğulayıb. O, Ə.Cəlalini dəstəkləməyə davam edəcəklərini və o edam ediləcəyi təqdirdə bunun universitetlərarası münasibətlərə ciddi xələl gətirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bundan əvvəl də, 2021-ci ilin martında İsveç və Almaniya universitetləri rektorları konfransının təşkilatçıları İranın dini rəhbəri Əli Xamneiyə göndərdikləri məktubda Ə.Cəlalinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırış etmişdilər. P.A.Alet o vaxt da İran hökuməti tərəfindən Ə.Cəlalinin təkadamlıq kameraya salınması və tibbi yardımdan məhrum edilməsini işgəncə kimi dəyərləndirmişdi: “İranın insan haqlarına və akademik azadlığa məhəl qoymaması və görkəmli alimin həyatını məhv etməsi məni dəhşətə gətirir”.

Qeyd edək ki, güneyli alimin edam hökmünün qətiləşdiyi və onun may ayında edam ediləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra beynəlxalq səviyyədə etiraz bəyanatları səsləndirilib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.