Son yeniləmə: 11 May 2022 15:24
Bayraqdar.info – İctimai-siyasi proseslər o qədər sürətlə gedir, gündəm o qədər cəld dəyişir ki, bəzən məsələlərə münasibət bildirməyi, təhlil etməyi çatdıra bilmirik. Azərbaycan ictimai rəyi təbii olaraq daxilə olduğu qədər də xaricə köklənib. Özəlliklə də məlum səbəblərdən Ermənistan, Rusiyanın təcavüzkarlığı sonucu altı üstünə çevrilməkdə olan Ukrayna gündəmimizdədir. Əlbəttə ki, bütün bu məsələlər həm də bir “5-ci kolon” pəncərəsindən boy göstərməkdədir.
…Azərbaycan daha bir çox mötəbər idman yarışına – Formula 1-ə hazırlaşır. Bu möhtəşəm idman nümayişi yenidən bütün dünyanın diqqətini ölkəmizin üzərinə cəmləyəcək. Zatən diqqət mərkəzindəyik, amma əlavə və daha artıq diqqət də qaçılmaz olacaq.
Ölkəmizin diqqət mərkəzində olması sevindiricidir. Elə on illər öncə biz Azərbaycanın dünyada tanınması üçün sözün həqiqi mənasında qapı-qapı gəzmirdikmi? Şəxsən özüm də əlimdə bir topa kağız-kuğuzla beynəlxalq qurumların, xarici ölkələrin müxtəlif təşkilatlarının qapılarını döyüb Azərbaycanı az tanıtmamışam. Bir tərəfdə Kanada-ABŞ, bir tərəfdə Koreya-Tailand, bir tərəfdə Afrikanın tam mərkəzindəki Senegal olmaqla neçə-neçə ölkələri gəzib Azərbaycan adına görüşlərə, tədbirlərə qatıldığım, yüksək tribunalardan çıxışlar etdiyim az olmayıb. Belə görüşlərdə o illərdə əlavə olaraq Azərbaycan haqqında bilgi də verməli olduğum günləri unutmamışam. İndi isə, həmd olsun, Azərbaycanı əlavə təqdim eləməyə gərək qalmır…
Elədir, Azərbaycanı xüsusi təqdim etməyə əsla gərək yoxdur. Bu, yaxşıdır. Bir yandan da bədxahlarımız üçün narahatlıq doğuran durumdur. Ona görə də boş durmurlar, hər vəchlə Azərbaycanı gözdən salmaq, qaralamaq, böhtan atıb gərəksiz yerə pis-piz müzakirələrə alət etmək üçün gecəli-gündüzlü çalışırlar.
Nə edir bunlar? Örnək üçün, altı üstünə çevrilmiş, Azərbaycanın dəmir yumruğundan hələ də özünə gələ bilməmiş Ermənistanı bu qüvvələr bizə örnək göstərir. Ki, sən demə orada demokratiya aşıb-daşırmış, insan haqları ən yüksək səviyyədə təmin edilirmiş və hətta media-ifadə azadlığı ümumiyyətlə sərhəd tanımır. Elədirmi? Elədirsə, bu son günlərdə dinc nümayişçilərin kütləvi şəkildə saxlanılması, zorakılığa məruz qalması, hərəkətlərinin əngəllənməsi nə deməkdir? Eyni zamanda bütün bunlar baş verməkdəykən beynəlxalq insan haqları qurumlarının susqunluq nümayiş etdirməsi; bəs onu necə anlayaq?
Ermənistan demokratiya örnəyi imiş! O “örnək” deyilmiydi 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında tutub 1 milyona yaxın insanımızı yurdsuz qoyan? Bəs işğal altındakı torpaqların altını üstünə çevirən kim idi? Yenə də o demokratiya “örnəyi” deyilmiydi bu? Necə olur ki, beynəlxalq qurumlar bütün bunları görməzdən gəlir? Di gəl ki, Azərbaycanda adi bir hadisə baş verincə yer-yerindən oynayır, içdəki və dışdakı qüvvələr səfərbər edilib bizə qarşı cəbhə açırlar!
Yeri gəlmişkən, bunun daha bir örnəyini bugünlərdə yaşayırıq. Həmkarımız, insan haqları yazarı Aytən Məmmədovanın ölümlə hədələnməsi haqqında yəqin ki, hər kəs məlumatlıdır. Özünün verdiyi bilgiyə görə, gecə işdən evə gələrkən naməlum bir şəxs liftə onunla birlikdə daxil olub, bıçağı boğazına dirəyib və öldürməklə hədələyib. Dəhşətli bir hadisədir. Aytəni şəxsən tanıdığım üçün əminliklə deyə bilərəm ki, onun belə bir hadisəni özündən uydurması, yaxud da quraşdırması mümkün olacaq şey deyil. Əminəm ki, bu hadisə baş verib.
Həm də fakt odur ki, hadisəni dövlətin müvafiq qurumları nəzarətə götürüb, araşdırmalar başladılıb, Aytənin özü də ifadə verib. Üstəlik də araşdırma ilə onun yaşadığı ərazi deyil, birbaşa Bakı polisi məşğul olur. Bu isə dövlətin məsələyə nə qədər ciddi yanaşdığının göstəricisidir. Təbii ki, dövlətlə bərabər cəmiyyət də bu acı olayı diqqət mərkəzində tutur. Yəni bizə düşən rəsmi araşdırmaların sonucunu gözləməkdir.
Amma nə baş verir? Bir qrup şəxs, özü də xaricdə oturanlar bu olayı bəhanə edərək Bakının ortasında kütləvi aksiyalar keçirməyə çağırış edir. Özü də karantin şəraitində. Ki, bu şəraitdə belə aksiyaların keçirilməsinə izn verilə bilməz. Eyni zamanda nəzərə alaq ki, Azərbaycan, yuxarıda qeyd etdiyimiz kimi, qlobal əhəmiyyətli idman yarışına ev sahibliyi etmək ərəfəsindədir. Yəni diqqət zatən üzərimizdədir, bir də bu “5-ci kolon” dediklərimiz bu fürsəti bu yöndən dəyərləndirmiş olmalı ki, kütləvi aksiyalara qərar verirlər…
Bütün bunların fonunda diqqətimizi bir də məlum NED-in (National Endowment for Democracy) Azərbaycanda “demokratiya və insan haqları” üçün ayırdığı pullar çəkir. Söhbət 1 milyon dollara yaxın vəsaitdən gedir. 2022-ci il üçün. Özü də bu vəsaitin 400 minə yaxını Bakıda və bölgələrdə “vətəndaş iştirakçılığını artırmaq” üçün ayrılıb. Ən maraqlısı isə odur ki, NED-in vəsaitlərinin konkret olaraq hansı təşkilatlara-şəxslərə ayrıldığı gizli saxlanılır. Nədir, dövlət sirridir? Yaxud, məramınız xoşdursa, o pulu niyə gizli – qaçaq-quldur kimi ayırırsınız? Əgər məramınız pis deyilsə, açıq elan edin, pulları kimə ayırdığınızı da bildirin və gərək olduğu təqdirdə biz də gəlib o “vətəndaş iştirakçılığını artırmaq” təşəbbüslərinə dəstək verək…
Bu durum varkən bu yandan da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuliyə, oradan da Şuşaya hərəkət edib bir sıra gərəkli ismarıclar verdi. Dövlət başçısı Füzulidə ağac əkib ardından da Füzuli xəstəxanasının təməlini atdı. Bundan sonra Şuşaya hərəkət edən dövlət rəhbərləri oradakı tikinti-quruculuq işləri ilə maraqlandılar, gərəkli tapşırıqlar verdilər və Prezident bir Şuşa müraciəti ilə diqqət mərkəzinə gəldi.
Bədxahlarımız küçələri qarışdırmaq üçün çalışmaqdaykən Azərbaycan dövlətinin rəhbəri Ermənistanın işğalından azad edilmiş torpaqlara həyatın qaytarılması, oraların yenidən canlanması üçün çalışır. Və belə bir şəraitdə bizim də vətəndaş olaraq borcumuz dövlətimizə dəstək durmaq, didərgin soydaşlarımızın mümkün qədər tez yurdlarına dönməsinə töhfə verməkdir. Amma bu “5-ci kolon” nə deyir? Bakıda küçələrə çıxıb yürüş edəcəklərmiş!
Bu yürüşbazları heç gördükmü ki, Qarabağ üçün, ermənilərin bizə yaşatdığı zülmlərə etiraz üçün küçələrə çıxsınlar? Nəsə xatırlamıram!
Amma onu yaxşı xatırlayıram ki, bunların ən öndə gedənləri 44 günlük Vətən Savaşı günlərində belə Azərbaycana – öz Vətənlərinə dəstək vermədilər! Aralarında elələri oldu ki, hətta açıq şəkildə ermənilərə dəstək verdilər! İndi o ünsürlər Bakıda “insan haqları uğrunda” küçə tədbirlərinə çağırış edir!
Nə olursa olsun, Azərbaycan öz seçdiyi, uyğun bildiyi, insana-vətəndaşa dəyər verilən bir ölkə kimi yoluna davam edəcək. Əyər-əskiyimiz varmı? Var. Onları da özümüz yoluna qoyacağıq. Daha kimlərinsə NED-in, Sorosun pullarını silmək üçün təşkil etməyə cəhd göstərdiyi “demokratiya hərəkatları”nın iştirakçıları deyil…