Son yeniləmə: 11 May 2022 14:00
Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı İbrahim Əlizadə Ukraynanın “Budu jiti v Ukrainı” (“Ukraynada yaşayacağam”) beynəlxalq müsabiqəsində ikinci dəfədir ki, münsiflər heyətinin üzvü olur.
Bu barədə bayraqdar.info-ya Musiqili Tetatrdan məlumat verilib.
Bildirilib ki, vokal ifaçısı əvvəlki illərdə “Dans Song Fest” adı altında keçirilən bu müsabiqədə bir neçə dəfə laureat adını qazanıb. O, Ukraynanın Əməkdar artisti, Xarkov Dövlət Mədəniyyət Akademiyasının kafedra müdiri Lyudmila Vladimirovna Kudriçin dəvəti ilə gənclərdən ibarət münsiflər heyətində iştirak edəcək.
Qeyd edilib ki, Ukraynadakı mövcud vəziyyətlə əlaqədar onlayn keçirilən bu müsabiqəyə ölkəmizdən olan xoreoqraf, vokalçı və instrumental ifaçılar da may ayının 15-nə kimi iştirakçı qismində videomateriallarla müraciət edə bilərlər.
O da bildirlib ki, İ.Əlizadə 2017-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında artist-vokalist kimi çalışır və qəlbləri ovsunlayan səsi ilə artıq tamaşaçıların sevimlisinə çevrilib: “O, Akademik Musiqili Teatrın səhnəsində “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşasında Süleyman, “Balaca Şahzadə” müzıklında (A.Ekzüperi, R.Ağababayev) Ora-bura, “Paris Notr-Dama ithaf”da (V.Hüqo, libretto müəllifi və quruluşçu rejissor S.Qulamov) Keşiş, “Beş manatlıq gəlin”də (S.Rüstəmov, M.S.Ordubadi) Nadir, “Amerikalı kürəkən”də (R.Mirişli, M.Haqverdiyev) Cəlil, “Baladadaşın toy hamamı”nda (Elçin, F.Allahverdi) Murad, “Bir nəfəs qədər”də (S.Qulamovun pyesi əsasında və quruluşunda) Hərbi komissar obrazlarının öhdəsindən məharətlə gəlib. İ.Əlizadə teatrın 112-ci mövsümünün premyerası olan “Bəxtiyar” (T.Quliyev, səhnələşdilən: C.İmamverdiyev) tamaşasında Bəxtiyar rolunda çıxış edib. 2021-ci ilin mart ayında 31 Mart Soyqırımı Gününə həsr olunmuş “Sündü” (quruluşçu rejissoru və ssenari müəllifi: S.Qulamov) filminə çəkilib”.