Son yeniləmə: 11 May 2022 16:40
Bayraqdar.info – Azərbaycanın bir qrup kinematoqrafçısı Avropa Film Akademiyasına (European Film Academy – EFA) üzvü seçilib.
Bu barədə bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, siyahıda Xalq artisti, rejissor Vaqif Mustafayev, Əməkdar incəsənət xadimləri, rejissorlar – Rafiq Quliyev, Elçin Musaoğlu, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, kinoşünas Ayaz Salayev, həmçinin Bakı Media Mərkəzinin rəhbəri, rejissor, prodüser Orman Əliyev, rejissorlar Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmov yer alıb.
Məlumata əsasən, EFA-ya üzv seçilənlər arasında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, bir çox beynəlxalq film festivallarının qalibi, rejissor Rüfət Həsənov da var.
“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyev bildirir ki, Avropa Film Akademiyasının üzvü olmaq Azərbaycan kinosunun inkişafına və gələcəkdə dünyada tanınmasına zəmin yaradacaq. 12 kino xadiminin bir mərhələdə EFA-ya üzv seçilməsi Azərbaycanda onların tələblərinə, meyarlarına uyğun sənətçilərin olmasının təsdiqi deməkdir.
“Qeyd edək ki, Avropa Film Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyətinin ilk prezidenti, görkəmli İsveç teatr və kino rejissoru İnqmar Berqman (1918-2007) və 40 kinorejissor tərəfindən Avropa kino sənayesini inkişaf etdirmək məqsədilə yaradılıb”, – deyə məlumatda daha sonra bildirilib.