Press "Enter" to skip to content

Əsas hədəf türk dünyasının daha da güclənməsidir

Türkiyə-Qazaxıstan əməkdaşlığında yeni mərhələ

Son yeniləmə: 11 May 2022 12:37

Yaxud Qasım-Jomart Toqayevin Ankaraya səfərindən çıxan nəticələr

Bayraqdar.info – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Türkiyəyə rəsmi səfəri məhsuldar və yaddaqalan olub. Hər halda səfərin birinci günü ilə bağlı ilkin müşahidələr belə deməyə əsas verir. Belə ki, səfər çərçivəsində iki ölkə arasında 15 sənədin imzalanması, liderlərin verdikləri mesajlar beynəlxalq aləm tərəfindən maraqla qarşılanıb.

Qazaxıstan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Ümumilikdə bu səfər Türkiyə-Qazaxıstan əməkdaşlığı fonunda türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım kimi dəyərləndirilməlidir. Elə hər iki liderin mətbuat konfransında səsləndirdiyi fikirlər, verdikləri birlik mesajları da buna işarə edir.

Mətbuat konfransında Qasım-Jomart Toqayevin Prezident kimi Türkiyəyə ilk rəsmi səfər etdiyini xatırladan Recep Tayyip Erdoğan, “Qazaxıstan necə ki, bizim ata yurdumuzdur, Türkiyə də qazax qardaşlarımızın ikinci evidir. Yahya Kemal Beyatlının, Fuat Köprülüyə “Sən Ahmet Yeseviyə bax, bizim köklərimizi orada tapacaqsan” dediyi söylənilir. Anadolunu bizlərə vətən edənlər, Hoca Ahmet Yesevinin hikmət ocağında yetişmiş könül əsgərləridir. Pir-i Türküstan Yasevi Həzrətlərinin oyandırdığı çıraqların işığı əsrlər boyu olduğu kimi bu gün də yolumuzu işıqlandırır” deyib.

Gücünü tarixdən alan əməkdaşlıq

Türkiyə ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan R.T.Erdoğan “İmzaladığımız birgə bəyanatla əməkdaşlığımızı genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdik. Türkiyə və Qazaxıstan güclərini ortaq tarix, dil, din və mədəniyyətdən alan, köklü əlaqələrə malik iki qardaş ölkədir. Türkiyə olaraq Qazaxıstanın sabitliyinə və sülhünə böyük əhəmiyyət veririk. Yanvar ayında Qazaxıstanda baş vermiş faciəvi hadisələrdə həyatını itirənlərə bir daha başsağlığı verir və yaralananlara şəfa diləyirəm. İnanıram ki, dostumuz Qazaxıstan daha güclü çıxacaq” deyib.

Ankaradan Toqayevə hərtərəfli dəstək

Qeyd edək ki, yanvarda Qazaxıstanda baş verən hadisələrdən sonra bu ölkədə köklü islahatlar başlayıb. Bu islahatlara Türkiyənin yanaşmasının necə olacağı maraq doğururdu. Və sözügedən səfər zamanı buna da aydınlıq gətirilib.

R.T.Erdoğan Qazaxıstandakı islahatlara dəstəyini ifadə edib: “Yeni Qazaxıstanın formalaşmasında Sayın Toqayevin qətiyyəti və iradəsi təqdirəlayiqdir. Biz bu kontekstdə aparılan hərtərəfli islahat proqramını dəstəkləyirik. Bir daha vurğulamaq istərdim ki, biz qazax qardaşlarımızın sabitliyi, sülhü, təhlükəsizliyi və rifahı üçün üzərimizə düşəni etməyə hazırıq. İstər siyasi, istər hərbi, istər iqtisadi, istər ticarət, istərsə də mədəni olsun, hər sahədə həmrəyliyimizi davam etdirəcək, çiyin-çiyinə, gələcəyə inamla addımlayacağıq. Biz istənilən şəraitdə qazaxıstanlı qardaşlarımızın yanında olacağıq. Keçmişdən bu günə qurduğumuz körpünü gücləndirərək yolumuza birlikdə davam edəcəyik”.

Hədəf 10 milyard dollardır

Qazaxıstan Prezidenti ilə görüşdə iki ölkə arasındakı əlaqələri bütün aspektlərdə nəzərdən keçirdiklərini deyən R.T.Erdoğan əsas hədəfi də bəyan edib: “Biz əməkdaşlığımızın həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalarda daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi imkanlarını qiymətləndirdik. Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsi ötən il əvvəlki illə müqayisədə 58 faiz artaraq 5,3 milyard dolları ötüb. 5 milyard dollarlıq hədəfimizə qısa zamanda çatdıq. İndi inşallah birlikdə atacağımız addımlarla 10 milyard dollarlıq hədəfə də eyni sürətlə çatacağıq. İnanıram ki, sabah türk iş adamları ilə keçirəcəyiniz görüş bu baxımdan xüsusilə faydalı olacaq”.

Ukrayna məsələsində də ortaq mövqe

Qeyd edək ki, iki liderin görüşündə diqqətçəkən digər bir məsələ regionda cərəyan edən proseslərə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə yanaşmada da ortaq mövqenin nümayiş etdirilməsi olub.

Bu məqama toxunan R.T.Erdoğan, “xüsusilə Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında böhranın sülh yolu ilə həlli ilə bağlı fikirlərimizin üst-üstə düşdüyünü müşahidə etdik” deyib.

Onun “19 milyon əhalisi olan Qazaxıstanla 85 milyon əhalisi olan Türkiyənin həmrəyliyinin nə qədər əhəmiyyətli olduğunu təqdir edə bilərsiniz”, sözləri isə Ukraynadakı hadisələrin fonunda Qazaxıstana verilən dəstək kimi dəyərləndirilə bilər.

Bir sözlə, görünən odur ki, bu səfər bir çox məqamları ilə strateji önəm daşıyır. Səfərin ilk günü iki liderin səsləndirdikləri fikirlər, həmçinin rəsmi görüşdən sonra tennis masası arxasında verilən səmimi pozlar da diqqətdən yayınmayıb. Anlaşılan o ki, Türkiyə Qafqazda olduğu kimi Orta Asiyada da sülh və sabitlik üçün səylərini daha da artırmaq niyyətindədir.

Mission News Theme by Compete Themes.