Son yeniləmə: 10 May 2022 08:12
Elnurə İsgəndərova: Bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş layihə çərçivəsində silsilə tədbirlər keçirilir
Bayraqdar.info – “Vətənpərvərlik etüdləri” layihəsi davam edir. Bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı ilə reallaşdırılan layihə çərçivəsində bu günə qədər Ağcəbədi, Lənkəran, Oğuz, Masallı, Xızı, Şəki, Qobustan Milli Qoruğu və işğaldan azad olunmuş Ağdamda tədbirlər təşkil edilib.
Bu barədə bayraqdar.info-ya Elnurə İsgəndərova məlumat verib. Onun sözlərinə görə, Ağdamdakı tədbir Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun dəstəyi ilə baş tutub.
Tədbir çərçivəsində Şahbulaq Qalasında etüdlərdən ibarət sərgi təşkil olunub. Sonda iştirakçı rəssamlar diplom və xatirə hədiyyələri ilə təltif ediliblər. Orada çəkilən etüdlər isə Ağdamda tikiləcək Zəfər Muzeyinə hədiyyə olunub.
E.İsgəndərova əlavə edib ki, bu vaxta qədər layihə çərçivəsində tədbirlərin təşkilində həmçinin millət vəkilləri Aqil Abbas, Rüfət Quliyev, Aqiyə Naxçıvanlı, Məhşur Məmmədov, Vüqar İskəndərov, Razi Nurullayev və Qobustan Milli Qoruğunun direktoru Vüqar İsayev yaxından dəstək olublar: “Etüdlərdə hər dəfə fərqli 25 nəfərlik rəssam qrupu iştirak edir. “Vətənpərvərlik etüdləri” layihəsi çərçivəsində müxtəlif şəhər və rayonlarda rəssamların etüdü təşkil olunur. Rəssamlarımıza geniş məlumat verilir, canlı etüdlər çəkilir və açıq hava şəraitində həmin əsərlərin sərgisi təşkil olunur. Rəssamlar xatirə diplomları ilə təltif olunurlar. Sonda həmin ərazinin tarixi və müasir məkanlarını ziyarət edib, bölgəyə məxsus mətbəxi ilə tanış olurlar. Layihənin məqsədi gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, rəssamların rəsm əsərlərində dəyərli sayılan açıq havada işləməyə öyrətmək , bölgələrdə turizmin inkişafı, Vətənimizin hər bölgəsinə marağın artırılmasıdır”.
E.İsgəndərova qeyd edib ki, ilk dəfə “Vətənpərvərlik etüdləri”nin icrasına 2018-ci ildə başlanılıb: “2018-ci ilin may ayından başlayaraq Azərbaycandakı türk şəhidlikləri ziyarət olundu və orada etüdlər çəkildi. Həmin əsərlər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özöralın və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin dəstəyi ilə səfirliyin Nuri Paşa salonunda nümayiş olundu. Dünyanı bürüyən pandemiya səbəbindən, xüsusi karantin rejiminə uyğun olaraq layihə 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Qalib Əzizovun dəstəyi ilə onlayn şəkildə təşkil olundu. Onu da deyim ki, artıq üç ildir biz “Vətənpərvərlik etüdləri”ni Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edirik”.
E.İsgəndərova sonda onu da xatırladıb ki, “Vətənpərvərlik etüdləri” il boyu davam edəcək.