Press "Enter" to skip to content

“Vətənlə döyünən ürək” maraqla qarşılanıb

Sərgi təşkilatçıları və iştirkaçıları bir arada

Son yeniləmə: 10 May 2022 20:33

Bayraqdar.info – Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də rəssamların iştirakı ilə mayın 10-da baş tutub.

CASCFEN-dən “Vətənlə döyünən ürək” sərgisinə dəstək

Belə ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı ilə “Vətənlə döyünən ürək” adlı rəsm sərgisi təşkil edilib.

Bayraqdar.info xəbər verir ki, “EL ART” Studioda təşkil edilən sərginin iştirakçıları Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra çıxış edən Elnurə İsgəndərova sərginin keçirilməsi məqsədindən danışıb.

Qeyd olunub ki, sərgidə müxtəlif yaş qruplarından olan 70-ə yaxın rəssamın əsərləri sərgilənir: “Sərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, həmçinin onun dövlət və xalq üçün gördüyü işlərə həsr edilmiş rəsm əsərləri nümayiş olunur”.

Maraqlı sərgidən bir xatirə

Çıxış edən tədbirin dəstəkçilərindən, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir İsmayılov Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlər göstərdiyini deyib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün sahələrə, o cümlədən incəsənət sahəsinə, rəssamlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.

Tədbirdə çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təhsil və mədəniyyət müşaviri Tevfik Ulual türk dünyasının dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə belə bir sərginin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini deyib. T.Ulual Heydər Əliyevin xatirəsinin Kuzey Kıbrısda da dərin ehtiramla yad edildiyini söyləyib.

Mehriban Qənbərovanın çəkdiyi rəsmlər ilk dəfə ictimiaiyyətə təqdim olundu

“EL ART” Studionun rəhbəri Elnara İsgəndərova isə belə bir tədbirə ev sahibliyi etməkdən qürur duyduqlarını deyib. O, qeyd edib ki, bu sərgi başqa bir məqamına görə də onlar üçün yaddaqalan olacaq. Belə ki, E.İsgəndərovanın tələbələri, fiziki qüsurlu Mehriban Qənbərovanın və Leyla Hüseynovanın da əl işi ilk dəfə sərgidə ictimaiyyətə təqdim olunur.

Digər çıxışçılar da belə tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Sonra rəsm əsərlərinə baxış keçirilib. Sərgi maraqla qarşılanıb.

Qeyd edək ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi ilə yanaşı “EL ART” Studio, “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə ” İctimai Birliyi və “Abşeron Gənclərin İnkişafı ” İctimai Birliyi də sərginin dəstəkçiləridir.

Mission News Theme by Compete Themes.